Niderlandda Qərbi Nil virusundan bir nəfər həyatını itirib
Niderlandda Qərbi Nil virusu səbəbindən bir nəfər həyatını itirib. Milli Xalq Sağlamlığı və Ətraf Mühit İnstitutu (RIVM) virusa yoluxduğundan şübhələnən və ya simptomları olan şəxsləri qurumla əlaqə saxlamağa çağırıb.
AFN.az xəbər verir ki, Milli Xalq Sağlamlığı və Ətraf Mühit İnstitutunun (RIVM) yazılı açıqlamasında Utrext əyalətində yaşayan bir şəxsin virusa yoluxduqdan sonra müalicə aldığı xəstəxanada həyatını itirdiyi bildirilib.
Açıqlamada Niderlandda böyük ehtimalla ölkə daxilində yoluxduğu qiymətləndirilən 3 Qərbi Nil virusu halının müəyyən edildiyi qeyd olunaraq, şübhələnən və ya simptomları olan şəxslərin mütləq RIVM ilə əlaqə saxlaması çağırışı edilib.
Açıqlamada virusa yoluxanların 80 faizində heç bir simptomun müşahidə olunmadığı, 19 faizində isə qızdırma, baş ağrısı, əzələ ağrısı, qarın ağrısı və ishal kimi yüngül qripə bənzər simptomların ortaya çıxdığı bildirilib.
Virus aşkarlanan halların yalnız 1 faizində ensefalit və ya meningit kimi ciddi nevroloji tabloların inkişaf etdiyi qeyd olunan açıqlamada, ağır hallarda ölüm riskinin 4-14 faiz arasında dəyişdiyi, 70 yaş və yuxarı xəstələrdə isə bu nisbətin 15-29 faizə qədər yüksələ bildiyi bildirilib.
Kral Niderland Baytarlıq Həkimləri Assosiasiyası (KNMvD) da avqustun əvvəlindən etibarən Cənubi Hollandiya və Nijmegen ətrafında ümumilikdə 5 Qərbi Nil virusu infeksiyası aşkar edildiyini, bu atlardan birinə nevroloji simptomların ağırlaşması səbəbilə evtanaziya tətbiq edildiyini açıqlayıb.
