Belçikanın daxili işlər naziri: Brüsseldə narkotiklə əlaqəli cinayətlər milli fövqəladə vəziyyət səviyyəsindədir



Belçikanın daxili işlər naziri Bernard Kintin paytaxt Brüsseldə narkotik qaçaqmalçılığı ilə əlaqəli cinayətlərin milli fövqəladə vəziyyət səviyyəsinə çatdığını bildirərək təhlükəsizlik tədbirlərinin artırılacağını açıqlayıb.

AFN.az xəbər verir ki, rəsmi Belga agentliyinin məlumatına görə, Kintin dünən axşam keçirilən Brüssel Regional Təhlükəsizlik Şurasının iclasından sonra verdiyi açıqlamada narkotik qaçaqmalçılığı ilə mübarizədə bütün səlahiyyətli qurumların birlikdə hərəkət etməli olduğunu bildirib.

Kintin “Hamı masaya oturmalı, hansı tədbirlərin işə yaradığını və xüsusilə bundan sonra hansı addımları atacağımızı qiymətləndirməliyik” deyib.

Brüsseldə narkotik qaçaqmalçılığı ilə əlaqəli cinayətlərin milli fövqəladə vəziyyət səviyyəsinə çatdığını vurğulayan nazir federal polis ehtiyatından bir bölmənin Brüsseldəki yerli polis bölgələrinin istifadəsinə verildiyini bildirib.

Kintin federal polisin xüsusi bölmələrinin də yerli polislə əməkdaşlığı artıracağını qeyd edib.

Kintin həmçinin Müdafiə Nazirliyi ilə Brüsseldə hərbi mövcudluğun artırılması məsələsini müzakirə etdiyini bildirib.

Əsgərlərin yalnız qatar və metro stansiyalarında deyil, bu məntəqələrdən kənarda da xidmət aparmasını istədiyini bildirən Kintin, qeyri-qanuni miqrantların saxlanılacağı qapalı mərkəzlərin açılması və elektrikli skuterlərin qeydiyyata alınması kimi tədbirlərin də nəzərdən keçirildiyini ifadə edib.

Skuterlərin qeydiyyata alınacağı təqdirdə onların avtomatik nömrə tanıma kameraları vasitəsilə izlənilə biləcəyini qeyd edən Kintin, müvafiq məsələləri Sığınacaq və Miqrasiya, eləcə də Nəqliyyat nazirləri ilə müzakirə etdiyini bildirib.

Son günlər federal, regional və yerli hakimiyyət orqanları arasında yaşanan səlahiyyət mübahisələrinə də toxunan Kintin tərəflərin birlikdə işləmək iradəsi nümayiş etdirdiyini bildirib.

Belçikanın Avropa İttifaqına (Aİ) və NATO-ya ev sahibliyi edən paytaxtı Brüsseldə son günlər ard-arda silahlı hücumlar baş verib.

Anderlext rayonunda avqustun 21-i axşam saatlarında bir polis bölməsinə uzun lüləli silahla atəş açılıb.

Avqustun 22-si və 24-də Sen-Jil və Molenbek rayonlarında da silahlı hücumlar baş verib. Bununla da Brüsseldə 3 gün ərzində törədilən silahlı hücumların sayı 5-ə çatıb.

Brüssel son illərdə narkotik qaçaqmalçılığı və dəstələr arasında hesablaşmalarla əlaqəli silahlı zorakılıq hadisələri ilə gündəmə gəlir.

Belçika polisi 2025-ci ildə paytaxtda əksəriyyəti narkotik ticarəti ilə əlaqəli 96 silahlı hücum qeydə alıb və bu hadisələrdə 8 nəfər həyatını itirib.

Avropanın mühüm narkotik giriş məntəqələrindən biri olan Antverpen limanı vasitəsilə ölkəyə gətirilən kokainin bir hissəsinin Brüssel və ətrafındakı paylama şəbəkələrinə çatdığı bildirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu