Meksika ABŞ-a qarşı cinayət şikayətləri hazırlayır


Meksika hökuməti ABŞ-ın Miqrasiya və Gömrük Araşdırmaları Xidmətinin (ICE) əməliyyatları zamanı və ya miqrantların saxlanma mərkəzlərində dünyasını dəyişən Meksika vətəndaşlarının ölüm faktları ilə bağlı ABŞ-da cinayət şikayətləri vermək niyyətindədir.

AFN.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə agentlik Meksikanın xarici işlər naziri Roberto Velaskonun cümə axşamı keçirdiyi mətbuat konfransındakı bəyanatına əsasən məlumat yayıb. Nazirin sözlərinə görə, ICE-nin nəzarəti altında olan 14 Meksika vətəndaşı həyatını itirib, daha 3 nəfər isə saxlanılma əməliyyatları zamanı dünyasını dəyişib.

"Biz diplomatik çərçivədən kənara çıxaraq birbaşa amerikalı prokurorlara müraciət edəcəyik və bu hadisələrin cinayət işi kimi araşdırılmasını tələb edən şikayətlər təqdim edəcəyik", – deyə Velasko bildirib.

Yeni ittihamların irəli sürülməsinə təkan verən son hadisə təxminən 30 il ABŞ-da qanuni status olmadan yaşayan 52 yaşlı meksikalı Lorenso Salqado Arauxonun ölümü olub. O, çərşənbə axşamı miqrasiya əməliyyatı zamanı bir ICE əməkdaşı tərəfindən güllələnib.

Arauxonun ölümü Hyustonda kütləvi etirazlara səbəb olub. Meksika rəsmilərinin məlumatına görə, bu, Donald Trampın Ağ Evə qayıtması və qeyri-qanuni miqrantların genişmiqyaslı deportasiyası kampaniyasına başlamasından bəri – yəni 2025-ci ilin yanvarından bəri – ABŞ miqrasiya xidmətlərinin fəaliyyəti nəticəsində qeydə alınan azı altıncı ölüm hadisəsidir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu