"Volkswagen" 120 minədək iş yerini ixtisar etməyi planlaşdırır
Almaniyanın avtomobil nəhəngi "Volkswagen" rəhbərliyi əvvəl gözləniləndən xeyli çox iş yerini ixtisar etmək niyyətindədir.
AFN.az “Bild”ə istinadən xəbər verir ki, bu barədə qəzet şirkətin daxili sənədlərinə əsasən məlumat yayıb. Yeni planlara əsasən, konsern 120 minədək əməkdaşını ixtisar edə bilər.
Yeni qənaət tədbirləri çərçivəsində "Volkswagen" personalın sayını təxminən 55-70 min nəfər azaltmağa çalışır. Halbuki, istehsalat şurası ilə daha əvvəl razılaşdırılmış plan artıq 50 min iş yerinin ləğvini nəzərdə tuturdu.
Bundan əvvəl "Der Spiegel" jurnalı şirkətdə Almaniyadakı dörd zavodda istehsalın dayandırılması imkanlarının müzakirə olunduğunu yazmışdı. Həmin müəssisələrdə təxminən 40 min insan çalışır. İyunun sonunda isə "Manager Magazin" iqtisadi jurnalı avtokonsernin yaxın illərdə dünya üzrə 100 minədək iş yerini ixtisar etməyi planlaşdırdığını bildirmişdi.
"Volkswagen"in bu yeni planları kəskin böhran keçirən Almaniya avtomobil sənayesində vəziyyətin nə qədər mürəkkəb olduğunu bir daha təsdiqləyir. Bir müddət əvvəl ölkənin digər bir sıra avtomobil şirkətləri və ehtiyat hissələri tədarükçüləri də kütləvi ixtisarlara gedəcəklərini bəyan etmişdilər.


