"Volkswagen" ilin sonunadək Almaniyada 19 min iş yerini ixtisar edəcək
Almaniyanın "Volkswagen" avtokonserni xərclərin azaldılması və səmərəliliyin artırılması proqramı çərçivəsində ölkə daxilindəki zavodlarında irimiqyaslı ixtisarları davam etdirir.
AFN.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, şirkətin baş direktoru Oliver Blume iyunun 18-də keçiriləcək səhmdarların illik iclasında konsernin Almaniyadakı işçi qüvvəsinin bu ilin sonunadək 19 min nəfər azaldılacağını rəsmən elan edəcək.
Məlumata görə, avtomobil nəhəngi 2030-cu ilə qədər Almaniyada ümumilikdə 28 mindən çox iş yerinin ixtisar edilməsini nəzərdə tutan icbari hədəf planını artıq təsdiqləyib. Oliver Blume qeyd edib ki, görülən strateji tədbirlər sayəsində şirkət 2025-ci ilə qədər Almaniyadakı zavodlarında istehsal xərclərini 20%-dən çox azaltmağa nail olub. Rəhbərlik bu addımları qlobal elektromobil bazarında artan rəqabət fonunda konsernin dayanıqlığını qorumaq zərurəti ilə əsaslandırır.

