Pakistan və Qətər ABŞ ilə İranı yenidən danışıqlar masasına qaytarmağa çalışır - CNN
ABŞ və İran arasında hərbi əməliyyatların yenidən alovlanması fonunda Pakistan və Qətər tərəfləri danışıqlar masasına qaytarmaq üçün aktiv diplomatik səylər göstərir.
AFN.az CNN-ə istinadən xəbər verir ki, bu barədə regional mənbələrə əsasən telekanal məlumat yayıb. Hər iki ölkə daha əvvəl İsveçrədə keçirilən və iyunun ortalarında anlaşma memorandumunun imzalanması ilə nəticələnən danışıqlarda əsas vasitəçi qismində çıxış edib. Əvvəlki diplomatik təmaslarda Oman da iştirak edib.
Çərşənbə günü axşam Pakistan Xarici İşlər Nazirliyi bütün tərəfləri təmkinli olmağa və regional sülh və sabitliyə daha çox xələl gətirə biləcek hər hansı hərəkətlərdən çəkinməyə çağırıb.
"Regionda ümumi sülh məqsədinə nail olmaq üçün dialoq və diplomatiyanın davam etdirilməsinin alternativi yoxdur", - deyə Pakistanın xarici siyasət idarəsinin bəyanatında qeyd olunub. İslamabad, həmçinin tərəfləri Anlaşma Memorandumu çərçivəsində üzərlərinə götürdükləri öhdəliklərə əməl etməyə çağırıb və bu sənədi regionda qarşılıqlı anlaşma, hörmət və ümumi rifahın əsası adlandırıb.
Buna baxmayaraq, ABŞ və İran arasında atəşkəs rejimi pozulmaqda davam edir. Artıq ABŞ hərbçiləri gecə saatlarında İran sahili boyunca 90 hədəfə zərbələr endirdiklərini bəyan ediblər. Cavab olaraq isə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveyt və Bəhreyndəki Amerika hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb.
