Yaxın Şərqdəki gərginlik fonunda ABŞ-da benzin bahalaşır
Yaxın Şərqdə münaqişənin yenidən alovlanması və Hörmüz boğazındakı gərginlik fonunda ABŞ-da benzinin orta qiyməti bahalaşıb.
AFN.az xəbər verir ki, bu barədə ABŞ Milli Avtomobil Assosiasiyasının (AAA) yaydığı hesabatda deyilir. Məlumata görə, "Regular" markalı benzinin bir qallonunun (3,79 litr) orta qiyməti bir gündə 5 sent artaraq 3,79 dollardan 3,84 dollara yüksəlib. Dizel yanacağının orta qiyməti isə 4,77 dollardan 4,81 dollara çatıb.
Ölkə üzrə ən baha yanacaq qiymətləri ənənəvi olaraq Kaliforniya ştatında qeydə alınıb – burada bir qallon benzin üçün sürücülər orta hesabla 5,38 dollar ödəməli olurlar. Xatırladaq ki, ABŞ-da benzinin qiyməti üzrə tarixi rekord 2022-ci ilin iyununda (5 dollardan yuxarı) qeydə alınmışdı.
Ekspertlər bu artımı ABŞ Prezidenti Donald Trampın İranla atəşkəs rejiminin ləğv olunduğunu elan etməsi və Hörmüz boğazında neft və qaz tankerlərinin hədəfə alınmasından sonra qlobal enerji bazarında yaranan narahatlıqla əlaqələndirirlər.
