ABŞ-da benzinin qiyməti ucuzlaşmağa başlayıb
Yaxın Şərq böhranı fonunda kəskin bahalaşan benzinin qiyməti ABŞ-da yenidən enişə keçib. Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatına görə, ölkə üzrə benzinin orta qiyməti bir qallon üçün 4,35 dollara düşüb.
AFN.az "CNN" telekanalına istinadən xəbər verir ki, bu göstərici ötən həftə ilə müqayisədə 17 sent azalıb. Fevralın sonunda ABŞ-İran münaqişəsinin kəskinləşməsi və Hörmüz boğazındakı gərginlik səbəbindən dünya bazarında neftin qiyməti 100 dollara yaxınlaşmış, bu da ABŞ-ın daxili bazarında yanacağın bahalaşmasına yol açmışdı.
Hazırda isə "Brent" markalı neft 91,89 dollara, WTI nefti isə 87,86 dollara qədər geriləyib. Analitiklər qiymətlərin düşməsini ABŞ və İran arasında aparılan danışıqlarda irəliləyiş gözləntiləri və dünya neftinin beşdə birinin daşındığı Hörmüz boğazında gəmiçiliyin qismən bərpa olunması perspektivləri ilə əlaqələndirirlər.


