Çində zooparkı sel suları basdı: 100-dən çox heyvan qaçıb, şirlər tələf olub
Çinin cənubundakı Quansi-Çjuan muxtar rayonunda tüğyan edən "Maysak" tayfununun törətdiyi dağıdıcı daşqınlar nəticəsində Quyqan şəhərindəki zooparkı su basıb.
AFN.az “Pengpai”yə istinadən xəbər verir ki, bu barədə nəşr məlumat yayıb. Təbii fəlakət zamanı zooparkın ərazisi demək olar ki, tamamilə su altında qalıb. Güclü su axınları ot yeyən heyvanların olduğu qəfəsləri və çəpərləri dağıdaraq 100-dən çox canlını özü ilə aparıb. İtkin düşən heyvanlar arasında zebrlər, xallı marallar, Alpakalar, ponilər, qırqovullar və dəvəquşular var.
Qəfəsdə olan yırtıcılardan üç şir suda boğularaq tələf olub. Qonur ayılar və canavarlar isə son anda xilas edilsə də, vəziyyətləri ağır qiymətləndirilir. Zoopark rəhbərliyi yerli sakinlərə müraciət edərək heyvanların tapılması üçün kömək istəyib, eyni zamanda qorxmuş heyvanların aqressiv ola biləcəyini nəzərə alaraq onlara yaxınlaşmamağı tövsiyə edib. İlkin qiymətləndirmələrə görə, zooparka 4 milyon yuan (təxminən 590 min dollar) məbləğində ziyan dəyib.
Qeyd edək ki, "Maysak" tayfununun gətirdiyi leysan yağışlar rayondakı Lyulan su anbarının bəndinin partlamasına səbəb olub. Son məlumatlara görə, bölgədə ən azı 39 nəfər həyatını itirib, 9 nəfər isə itkin düşmüş hesab olunur.


