Alimlər Günəş tacının səthindən milyonlarla dəfə isti olmasının səbəbini tapıblar
Günəşin xarici atmosfer qatının (tacının) temperaturu milyonlarla dərəcəyə çatdığı halda, ulduzun səthindəki temperatur cəmi 5500 °C təşkil edir. Onilliklərdir elm dünyasını məşğul edən bu tapmacaya yeni bir izah tapılıb: Günəş tacının bu dərəcədə qızmasında kosmik toz hissəcikləri mühüm rol oynaya bilər.
AFN.az xəbər verir ki, bu barədə araşdırma "The Astrophysical Journal" jurnalında dərc olunub.
NASA-nın Günəşə rekord məsafədə yaxınlaşan "Parker Solar Probe" kosmik aparatı öz antenlərində gözlənilməz gərginlik sıçrayışları qeydə alıb. Huntsvilldəki Alabama Universitetinin alimi Sayed Ayazın rəhbərlik etdiyi tədqiqat qrupu müəyyən edib ki, bu sıçrayışlara böyük sürətlə zonda çırpılan yüklü toz hissəcikləri səbəb olur.
Əvvəllər Günəş tacındakı ekstremal temperatur şəraitində tozun uzun müddət mövcud ola bilməyəcəyi və proseslərə ciddi təsir göstərmədiyi güman edilirdi. Lakin yeni məlumatlar bunun əksini sübut edib.
Günəş küləyinin plazmasında yüklənən kosmik toz hissəcikləri elektromaqnit sahəsi və Alfven plazma dalğaları ilə qarşılıqlı əlaqəyə girir. Alimlərin fikrincə, toz enerjinin ötürülməsinə iki yolla təsir göstərir:
İnersiyanın artması: Toz hissəciklərinin kütləsi plazmaya əlavə inersiya qazandırır və bu, enerjinin daha uzaq məsafələrə yayılmasına imkan verir.
Lokal qızma: Tozun yükü yüklənmiş hissəciklər, dalğalar və maqnit sahəsi arasındakı qarşılıqlı əlaqəni gücləndirir, bu isə lokal (yerli) qızmaya səbəb olur.
Məhz bu enerji bölgüsü Günəşin xarici atmosfer qatlarının anomal dərəcədə yüksək temperatura malik olmasını izah edə bilər. Tədqiqatçılar vurğulayırlar ki, gələcək Günəş missiyalarında kosmik tozun təsiri mütləq nəzərə alınmalı və ulduza yaxın zonada toz hissəciklərinin xüsusiyyətlərini ölçmək üçün xüsusi detektorlardan istifadə edilməlidir.

