"Perseverance" Mars torpağında "toz şeytanı"nı çəkib
NASA-nın Marz kosmik gəmisi "Perseverance"dən alınan yeni görüntülər toplusu kosmik gəmidən 6,5 kilometr aralıda qırmızı planetin səthində "toz şeytanı"nın tornado rəqsini göstərib.
NASA-dan verilən məlumata görə, 30 avqust 2023-cü ildə tornadonun yalnız aşağı hissəsinin Marsın Jezero kraterinin qərb kənarı boyunca hərəkət etdiyi görülüb.
Görüntülər "Perseverance"in Marsda 899-cu günündə çəkilib.
"Perseverance"in kameralarından biri tərəfindən dörd saniyə ara ilə çəkilmiş 21 görüntü "toz şeytanı"nın hərəkətini göstərmək üçün bir-birinə birləşdirilərək təxminən 20 dəfə sürətləndirilib.
NASA-dan bildirilib ki, Marsdakı toz şeytanları Yerdəki tornadolardan daha zəif və kiçikdir, lakin onlar tozun planetdə daşınması və yenidən paylanması yollarından biridir.