İran və Pakistan xarici işlər nazirləri ABŞ-İran memorandumunu müzakirə ediblər
İranın xarici işlər naziri Abbas Əraqçi ilə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub. Danışıq zamanı tərəflər ABŞ və İran arasında əldə olunmuş razılaşma ətrafında fikir mübadiləsi aparıblar.
AFN.az xəbər verir ki, bu barədə məlumat İran XİN rəhbərinin rəsmi "Telegram" kanalında yer alıb.
Nazir Abbas Əraqçi söhbət zamanı ABŞ-ın Livan da daxil olmaqla bütün cəbhələrdə müharibənin dayandırılması istiqamətindəki birbaşa məsuliyyətini xatırladıb.
İranlı nazir memorandumdakı bəndlərin pozulmasının region üçün doğura biləcəyi mümkün və ağır nəticələr barədə xəbərdarlıq edib.
Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar isə öz növbəsində regionda gərginliyin azaldılmasına yönəlmiş bu diplomatik prosesi məmnuniyyətlə qarşıladıqlarını bildirib.
O, tərəflər arasında yekun və qalıcı bir sazişin imzalanacağına dair ümidvar olduqlarını vurğulayıb.
Görüşün sonunda nazirlər iki ölkə arasındakı ikitərəfli münasibətlərə də toxunaraq, regional sabitlik naminə bu cür qarşılıqlı məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

