ABŞ-da ICE əməkdaşları tərəfindən ən azı 170 nəfər qanunsuz saxlanılıb


ProPublica adlı müstəqil araşdırmaçı jurnalist təşkilatının məlumatına görə, ABŞ-da ən azı 170 vətəndaş İmmiqrasiya və Gömrük Mühafizəsi İdarəsinin (ICE) əməkdaşları tərəfindən qanunsuz şəkildə saxlanılıb və onlardan bəziləri zorakılığa məruz qalıb.

ProPublica ABŞ Prezidenti Donald Trampın ikinci hakimiyyət dövründə həyata keçirilən miqrasiya əməliyyatları ilə bağlı geniş araşdırma aparıb. Nəticələrə əsasən, bu əməliyyatlar zamanı saxlanılan 170 nəfərdən təxminən 20-si uşaq, ən azı 3 nəfəri isə hamilə qadın olub.

Bildirilir ki, 50-dən çox ABŞ vətəndaşı şəxsiyyətləri yoxlanıldıqdan sonra qanuni statusa malik olduqları halda belə ICE əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılanların bir hissəsinə fiziki zorakılıq göstərildiyi, bəzilərinin isə bir gündən artıq müddətdə ailələri və ya vəkilləri ilə əlaqə qura bilmədiyi vurğulanır.

Araşdırmaya görə, bəzi vətəndaşlar sadəcə miqrant əməliyyatlarını çəkdiklərinə görə saxlanılıblar və onların əksəriyyəti Latın Amerikası mənşəli şəxslərdir. ProPublica qeyd edir ki, ABŞ hökuməti bu cür hadisələrə dair rəsmi statistika aparmır, lakin əldə edilən faktlar genişmiqyaslı hüquq pozuntularına işarə edir.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DHS) ProPublica-nın sorğusuna cavab olaraq bildirib ki, əməkdaşlar vətəndaşlara qarşı irqi ayrı-seçkilik etmir və onları məqsədli şəkildə hədəf almır. Nazirliyin sözçüsü Tricia MakLauflin isə açıqlamasında “Biz ABŞ vətəndaşlarını miqrasiya əməliyyatları məqsədilə saxlamırıq” deyib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu