ABŞ-ın B-52 bombardmançıları İngiltərənin "RAF Fairford" bazasına gəlib
ABŞ-a məxsus üç ədəd B-52 bombardman təyyarəsinin İngiltərə Kraliyyət Hərbi Hava Qüvvələrinə aid "Fairford" bazasına çatdığı açıqlanıb.
AFN.az xəbər verir ki, Böyük Britaniyanın Qlosterşir bölgəsində yerləşən bazaya eniş edən bu təyyarələr son günlərdə bölgəyə gətirilən digər hərbi hava vasitələrinə qoşulub.
Məlumata görə, martın 6-sı və 7-si tarixlərində bazaya gələn B-1 "Lancer" bombardmançılarından sonra B-52-lərin də bura yerləşdirilməsi ilə son 72 saat ərzində "RAF Fairford" bazasındakı hərbi aktivlik əhəmiyyətli dərəcədə artıb. ABŞ-ın İrana qarşı əməliyyatlara başlamasından bəri B-52 bombardmançı təyyarələrinin ilk dəfə İngiltərədə görüntülənməsi xüsusi diqqət çəkib.
Qlosterşir və Viltşir sərhədində yerləşən bu baza keçmişdə də ABŞ-ın uzaqmənzilli ağır bombardman missiyaları üçün istifadə edilib və Avropada B-1, B-52 və B-2 tipli təyyarələri qəbul edə bilən azsaylı sertifikatlı hərbi obyektlərdən biridir.
Qeyd olunmalıdır ki, İngiltərə Baş naziri Keyr Starmer əvvəlcə ABŞ-ın İsrail ilə birlikdə İrana qarşı həyata keçirdiyi hücumlarda Britaniya bazalarından istifadəsinə icazə verməmiş, bu isə ABŞ Prezidenti Donald Tramp ilə fikir ayrılığına səbəb olmuşdu. Lakin daha sonra Baş nazir Starmer yaydığı video müraciətdə ABŞ-ın İranın raket anbarlarını vurmaq üçün Britaniya bazalarından istifadə tələbini qəbul etdiklərini bildirib.
Starmer bu addımın İranın raket sistemlərini mənbəyində məhv etmək və konkret müdafiə məqsədləri daşıdığını vurğulayıb. Razılaşma çərçivəsində İngiltərə ABŞ-a həm Hind okeanındakı "Dieqo Qarsiya", həm də "RAF Fairford" bazalarından istifadə icazəsi verib.

