Əliməmməd Nuriyev: “Korrupsiya ilə mübarizədə satınalmalar diqqətdən kənarda qalmamalıdır” - MÜSAHİBƏ


Son günlər ölkədə bir sıra qurumlarda korrupsiya ilə bağlı mübarizə tədbirləri həyata keçirilir. “Yeni Klinika” və FHN-in modul tipli xəstəxanasının baş həkimlərinin ardından Şəmkirin icra başçısının həbsi bu mübarizə tədbirlərinin yenidən alovlandığını göstərir. Maraqlıdır, artıq neçə ildir bu istiqamətdə addımlar atılsa da korrupsiya və rüşvətin kökü tamamilə kəsilməyib. Mövzu ilə bağlı AFN-in müsahibi “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əlməmməd Nuriyevdir:


- Ölkədə korrupsiyaya qarşı bir neçə müddətdir mübarizə aparılır. Son günlər ard-arda həbslər göstərir ki, korrupsiya hələ də tüğyan etməkdədir. Necə düşünürsüz, niyə kökünü kəsmək mümkün olmur korrupsiya və rüşvətin? Xüsusilə də icra hakimiyyətlərində.

- Ümumiyyətlə, bunun bir neçə səbəbləri var. Əgər davamlı olaraq yerli icra hakimiyyətlərində korrupsiya halları baş verirsə, deməli, institutun özündə problem var. Bu, korrupsiyaya meyilli, korrupsiya riski yaradan bir institutdur. Çünki icra hakimiyyəti başçılarının çoxsaylı səlahiyyətləri var. Onların əsasnaməsində bu,100-dən artıq göstərilir. Ancaq bu səlahiyyətləri həyata keçirmək üçün maliyyə, iqtisadi əsasları yoxdur. Rayonların ərazisində bütün qurumlar mərkəzi icra hakimiyyəti orqanlarına tabedir. Eləcə də rayonda nə baş verirsə icra hakimiyyətindən soruşulur. Həm səlahiyyətlərin geniş olması, həm də burada resursların yetərli olmaması resurs axtarışına gətirib şıxarır. Ona görə də təbii ki, onlar qeyri-qanuni hərəkətlər etməyə, göstərişlər verməyə, sahibkarları sıxışdırmağa, onlardan əlavə vəsait tələb etməyə başlayırlar. Həmçinin yerli qurumlar var ki, müxtəlif sövdələşmələrə getməyə mühit yaranır. Həmin mühit korrupsiya mühitidir. Ona görə də hər şeydən əvvəl korrupsiya mühitini məhv etmək lazımdır. Bu institutun özünün format edilməsinə ehtiyac var. Eyni zamanda həm konkret səlahiyyətlər verilməli, həm də cavabdehlik məsələsidir ki, bu səlahiyyətlərə uyğun olaraq da maliyyə iqtisadi əsasları olmalıdır. Əks halda, bu institut belə hallarla hər zaman üzləşəcək. Bir icra hakimiyyəti dəyişilir, yeni icra icra başçısı gəlsə də, proses təkrar olunur. Çünki o özü deformasiya olunmuş bir institutdur. Bəzi hallarda ayrı-ayrı icra başçıları fədakarlıq göstərməyə çalışsalar da, gec-tez o sistemin qurbanına çevriləcəklər. Ona görə də bu sistemi formatlaşdırmağa ehtiyac var. Hesab edirəm ki, prezidentin səlahiyyətli şəxslər institutunu yaratması bəlkə də bu institutun gələcəkdə əvəzlənməsinin əsas istiqamətlərindən biri ola bilər. Çünki orada artıq yetərli qədər səlahiyyətlər, bu səlahiyyətlərin həyata keçirilməsi ilə bağlı resurslar var. Konkret olaraq mərkəzi icra hakimiyyətinin hər hansı bir qurumuna səlahiyyətləri çərçivəsində tapşırıq vermək imkanı var. Eləcə də bu tapşırıqları, görülən işləri Prezident Administrasiyası səviyyəsində birbaşa qaldırmaq imkanları var. Digər tərəfdən, artıq yerli icra hakimiyyəti institutlarının yerlərdə başqa bir təsisatlarla əvəz edilməsinə ehtiyac var. Söhbət bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsindən, yarımdövlət qurumuna çevrilməsindən gedir. Bu, daha məhsuldar ola bilər. Kadrlar da rol oynayır. Yerli icra hakimiyyətlərində düzgün işləyən şəxslər də var. Sadəcə olaraq institutun hazırkı vəziyyəti onlar qarşısında duran vəzifələri yerinə yetirməyə imkan vermir. Başqa bir məsələ odur ki, onlara nəzarət edən strukturun özündə problem var. Ola bilməz ki, bu qədər baş verən proseslərlə bağlı ciddi təhlillər aparılmasın, nəticə çıxarmaq üçün yeni təkliflər hazırlanmasın. Ola bilsin ki, onların bu və ya digər bu prosesdə iştirakı olar. Ola bilməz ki, nəzarətedici qurumların bu məsələ ilə bağlı ətraflı məlumatı olmasın. Bu məsələdə Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin, bütövlükdə Baş Prokurorluğun daha məsuldar işləməsini də qeyd etməliyik. Ölkə başçısı tərəfindən Kamran Əliyev vəzifəyə təyin edilərkən onun qarşısına konkret vəzifələr qoymuşdu. Bunlar innovativ üsullardan istifadə etmək, korrupsiyaya qarşı mübarizəni daha da sərtləşdirmək, korrupsiyaya şərait yaradan halları aradan qaldırmaq, korrupsionerlərin cəzalandırılmasını təmin etmək, kadr islahatları aparmaq və s. idi. Prokurorluq orqanları qarşılarında duran vəzifələri uğurla həyata keçirməyə başladılar. Bunlardan biri də korrupsiyaya qarşı mübarizəni daha effektli etməkdir ki, bu proses də gedir. Bu, Şəmkir İcra Hakimiyyətində aparılan axtarış əməliyyat tədbirləri, eləcə də Neftçala Rayon Mərkəzi Xəstəxanasının direktoru barəsində cinayət işi, 18 saylı Birləşmiş şəhər xəstəxanasının vəzifəli şəxslərinin qanunsuz əməlləri onu göstərir ki, ciddi reformalara ehtiyac var. Düşünürəm ki, müvafiq qurumlar həm də antikorrupsiya insfrastrukturu tətbiqi prosesini həyata keçirmək üçün bir qədər vətəndaş cəmiyyətinin nümayəndələri, media ilə daha yaxından işləməlidirlər. Eyni zamanda bir sıra tədqiqatların aparılması, özlərində araşdırmalar aparılması ilə bağlı sifarişlər verməlidirlər. Məsələn, TƏBİB-in ayrı-ayrı struktur vahidlərində, xəstəxanalarda bu hadisələr baş verir, niyə korrupsiyanın vəziyyəti, müştərilərə xidmətin keyfiyyəti, etik davranış qaydaları, satınalmalarla bağlı məsələlərlə bağlı sifariş verməsin? Bizim Konstitusiya Araşdırmalar Fondu, Şəffaflıq Azərbaycan təşkilatı, Açıq Hökumət Platforması böyük zövqlə bu tədqiqatları apararıq. Bütövlükdə həmin sektorda korrupsiyaya şərait yaradan hallarla bağlı vəziyyəti onların diqqətinə çatdıra bilərik. Bu istiqamətdə hansı tədbirlər həyata keçirilməsi ilə bağlı təkliflər paketi təqdim edə bilərik. Onlar sadəcə elə düşünürlər ki, hər şeyi öz gücləri ilə həll etmək imkanına malikdirlər. Çox düzgün diaqnozun qoyulması, həm də gələcəkdə fəaliyyəti daha yaxşı proqnozlaşdırmağa imkan verir. Çox təəssüf ki, mərkəzi, yerli icra hakimiyyətləri mikrotədqiqatların həyata keçrilməsi ilə bağlı sifarişlər vermirlər. İctimai nəzarət institutlarının tətbiqi, ictimai rəy sorğularının keçirilməsi, ictimai dinləmələr, müzakirələr yoxdur, qərarların qəbul edilməsi prosesində məhdudluq var, şübhəsiz ki, bunlar hamısı korrupsiyaya şərait yaradan hallara gətirib çıxaracaq. O yerdə ki, qohumbazlıq var, ayrı-ayrı şəxslərin vəzifədə irəliləməsi üçün dövlətə yox, şəxsi sədaqət prinsipi də əlavə olaraq korrupsiyaya şərait yaradır. Bu gün məsələ də var ki, vəzifəli şəxslərin maliyyə xarakterli məlumatlarının təqdim edilməsi ilə bağlı qanunun tətbiqinin vaxtıdır. Qanunda olan bir sıra boşluqlar da korrupsiyaya şərait yarada bilir.

- Bu yaxınlarda bir qrup insanın saxta əlillik dərəcəsi və təqaüdləri ləğv edildi. Bu, korrupsiyaya qarşı mübarizə kimi təqdim edilir. Ancaq bir sıra hallarda saxta olmayanların da dərəcəsinin ləğv edildiyi deyilir. Korrupsiya ilə mübarizənin bu istiqamətində hansı problemlər görünür? Çünki burada vətəndaş əziyyət çəkir, bu istiqamətdə vəziyyəti necə düzəltmək olar?

- Əlillik dərəcəsinin ləğvi ilə bağlı ƏƏSMN genişmiqyaslı işlər görüb və onlar statistik məlumatlat təqdim edib, çox sayda saxta əlillik dərəcəsi müəyyənləşdirilib. Bu da milyonlarla dövlət vəsaitinə qənaət edilməsi, gələcəkdə böyük vəsaitlərin qarşısının alınmasıdır. Ancaq burada bir məsələyə diqqət yetirilməsi vacibdir. 2015-ci ildə Nazirlər Kabineti əlillik müddətinin avtomatik olaraq yoxlanılmadan 5 il müddətinə uzadılması ilə bağlı qərar qəbul etdi. Bu qərarın müddəti başa çatır və həmin əlillərin yenidən müayinə edilməsi vacib olan bir məsələdir. Çünki bu müddətdə bəlkə həmin əlillərin bir qismi müalicə olunub, ola bilsin vəziyyəti daha da pisləşib. Çox təəssüf ki, əlilliyi olan şəxslər düşünürlər ki, bu müddət 5 il də avtomatik olaraq uzadılacaq. Onlar yenidən müayinədən keçməsə, “Forma 88” alıb ƏƏSMN-in müvafiq strukturlarına göndərilməsə, onlara verilən təqaüdlər dayandırılır. Fikrimcə, burada daha çox məlumatlandırmaya ehtiyac var ki, həmin şəxslərin əlilliyi ləğv olunmayıb. Sadəcə onlar yenidən müayinədən keçməlidir ki, nəticələr bir daha təsdiq olunsun və proses davam etsin. Əgər müayinədən keçəndən sonra təsdiq olunacaqsa hansı zamandan ödəmə dayanıbsa, o müddətdən yenidən veriləcək. Digər tərəfdən, başqa bir sistemin tətbiqinə ehtiyac var. O şəxslərin ki, əlilliyi dayandırılmışdı, onlara SMS vasitəsilə məlumatların verilməsi vacibdir. Onlar bilsin ki, dayandırılır və gedib yenidən müayinədən keçsin. Bu baxımdan da əlilliyi olan şəxslər düşünməsin ki, onların əlilliyi ləğv edilib. Ləğv edilməyib, yenidən müayinədən keçəndən sonra proses davam edəcək. Bu barədə SMS təqdim edilsə, həmin şəxslər bu barədə məlumatlı olacaq və müayinədən keçərək sənədləri altsistemə təqdim olunacaq.

- Korrupsiya ilə mübarizə çərçivəsində daha hansı sahələrdə tədbirlərin görülməsinə ehtiyac var?

- Bizim Şəffaflıq Azərbaycan təşkilatı ölkədə satınalmalar sahəsində şəffaflıqla bağlı böyük bir layihə həyata keçirdi. Bu, Amerika İnkifaş Agentliyinin Marşal Fondunun dəstəyi ilə olmuşdu. Biz burada bir sıra faktlar aşkar etdik. Bir sıra problemləri müəyyənləşdirdik. Bunları Hesablama Palatası ilə müzakirə etdik, çünki onlar bu istiqamətdə bir sıra işlər görüblər. Eyni zamanda İqtisadiyyat Nazirliyinin müvafiq strukturu ilə müzakirələr apardıq. Həmçinin bu istiqamətdə təkliflər paketi hazırlayıb təqdim etmişik. İqtisadiyyat Nazirliyi artıq bildirib ki, yeni qanunun hazırlanması prosesində sizin təklifləri nəzərə alacağıq. Hazırkı şəraitdə korrupsiya sövdələşmələrinin həyata keçrilməsində münbit olan istiqamətlərdən biri də satınalmalar prosesidir. Çox təəssüf ki, dövlət satınalmaları ilə bağlı böyük məbləğlərdir. Büdcə vəsaitlərinin 25 faizı qədərini təşkil edir, 5-6 milyard civarında olur. Bu satınalmalarda qanunun tələblərinin düzgün icra edilməsi çox vacibdir. Təəssüf ki, satınalmalarda bəzən rəqəmlərin şişirdilməsini görürük. Ölkə başçısı iqtisadiyyat nazirini bu vəzifəyə təyin edərkən geniş şəkildə bu barədə fikir bildirib. İqtisadiyyat Nazirliyi bu istiqamətdə işlər aparır. Nazirlik hazırda satınalmalarla bağlı qanun layihəsi üzərində işləyir. Digər tərəfdən satınalmalarla bağlı o da müəyyənləşdi ki, təkcə rəqəmlər şişirdilmir, satınalmaların ayrı-ayrı şəxslərə verilərkən onların ixtisaslaşması nəzərə alınmır, elektron satınalmalarla bağlı məhdudiyyətlər var. Eyni zamanda digər problem kimi bir günlük şirkətlər satınalamalarla bağlı tenderlərin qalibi olurlar. Orta-kiçik sahibkarlıq subyektlərinin tenderlərdə iştirakı çox cüzidir. Bütün bunlar satınalmalarda problemlərin hansı miqyasda olduğunu göstərir.

- Bu günlərdə Respublika Atçılıq Mərkəzində atların acından ölməsi faktı açıqlandı. Sizcə, burada korrupsiya əlamətləri varmı, yoxsa məmur səhlənkarlığıdırmı?

- Burada nəticələr hələ dəqiq açıqlanmayıb. Ancaq atçılıq sektorunda, bu mərkəzdə heyvanlara diqqət göstərilməməsi bir tərəfdən səhlənkarlıqdır. Həmçinin burada hər il yemlə təchizata diqqət yetirilməli, müvafiq qurumlar tərəfindən təmin edilməlidir. Bununla bağlı satınalmalar və digər məsələlər də həyata keçirilir. Heç şübhəsiz ki, burada hansısa qanunsuzluqlar baş verib, problemlər var. Bəlkə də korrupsiya elementləri də var. Bunlar araşdırılmalıdır, bundan sonra dəqiq cavab vermək mükündür. Ancaq o yerdə ki, çatışmamazlılar var, orada korrupsiyanın olması mümkündür.

Nigar ABDULLAYEVA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu