Süni intellektli robotun çəkdiyi rəsm hərracda 120 min dollara satıla bilər - FOTO
Dünyaca məşhur "Sotheby's" hərrac evi bu ayın sonunda insanabənzər robotun süni intellektdən (AI) istifadə edərək hazırladığı ilk işi satışa çıxaracaq. "A.I. God. Portrait of Alan Turing (2024)" adlı əsəri britaniyalı qalerest Aidan Mellerin hazırladığı rəssam robot Ai-Da istehsal edib.
"Sotheby's" bu unikal əsərin oktyabrın 31-də keçiriləcək hərracda 120 min ilə 180 min dollar arasında satılacağını gözləyir.
Ai-Da yaradıcısı Aidan Meller bu əsərin cəmiyyətin texnologiya ilə əlaqəsini ortaya qoyduğunu və sənətin tarix boyu sosial dəyişiklikləri əks etdirdiyini vurğulayıb.
Meller "Keçmişin ən böyük sənətçiləri cəmiyyətdəki dəyişiklikləri öz sənətlərində əks etdirənlər idi. Sənət istehsal edən bir maşın bu dəyişikliyi ən yaxşı şəkildə ifadə edər" deyib.
Meller bu əsərin süni intellektin yaratdığı digər sənət əsərlərindən fərqli olduğunu da bildirib. Belə ki, bu tip robot əsəri ilk dəfə hərraca çıxarılır.
Hərracda satışa çıxarılacaq rəsmdə britaniyalı riyaziyyatçı və süni intellektin qabaqcıllarından Alan Turinq təsvir olunub.
Alan Turinqin portreti daha əvvəl BMT-nin Cenevrədə təşkil etdiyi qlobal süni intellekt sammitində nümayiş etdirilmişdi. "Sotheby's" bu satış üçün kriptovalyutanı qəbul edəcəyini açıqlayıb. Ai-Da-nın yaradıcısı Meller hərracdan əldə etdiyi payı yenidən Ai-Da layihəsinə yatıracağını söyləyib.
Ai-Da təsviri sənətdə insan formasının hörmətli və düşündürücü təsvirlərindən ilhamlandığını və sənətinin yeni texnologiyalar haqqında dialoq başlatmaq qabiliyyətinə malik olduğunu söyləyib.
Ai-Da kamera ilə təchiz edilmiş gözləri və robot qolları ilə rəsm çəkir və daha əvvəl Böyük Britaniyanın Lordlar Palatasında çıxış edib.
Ai-Da-nın işi süni intellektin sənətdəki rolu ilə bağlı mühüm müzakirələrə yol açsa da, "Sotheby's" bu əsərin dəyərini hərrac vasitəsilə sınamağa hazırlaşır.
Mənbə: CNN International