ABŞ Tayvana NASAMS raket sisteminin satışını təsdiqləyib
ABŞ-ın Çinlə suverenlik mübahisəsi olan Tayvana yer-hava raketləri və radar sistemləri də daxil olmaqla təxminən 2 milyard dollar dəyərində silah satışına icazə verdiyi bildirilir.
ABŞ Dövlət Departamentindən verilən açıqlamada NASAMS tipli raketlərin və “AN/TPS-77” və “AN/TPS-78” radar sistemlərinin satışının həyata keçirildiyi qeyd edilib.
Açıqlamada raketlər üçün 1,16 milyard dollar, radar sistemləri üçün isə 828 milyon dollar ödəniləcəyi vurğulanıb.
Tayvan Müdafiə Nazirliyindən verilən açıqlamada, Ukraynada döyüş meydanında uğurla sınaqdan keçirilən NASAMS sisteminin Tayvan ordusuna hava hücumundan müdafiə qabiliyyətini artırmağa kömək edəcəyi bildirilib.
Silah satışına verilən razılıq Tayvanı öz ərazisi kimi görən Çinin reaksiyasını çəkə bilər. Xatırladaq ki, Çin əvvəlki silah satışı ilə bağlı bir çox Amerika şirkətinə sanksiya tətbiq etmişdi.