Həbslər heç nəyi dəyişmir: İH inistitutu kökündən ləğv edilməlidir
"İcra hakimiyyəti bir inistitut və idarəetmə forması olaraq artıq özünü bitirib. Yəni, bu icra hakimiyyətləri institutu tamamilə kökündən ləvğ edilməlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun fikrincə, Azərbaycanın ərazi quruluşu dəyişdirilməlidir:
"80-ə yaxın rayonun olmasına ehtyac yoxdur. Hər birinin icra başçısı, məmur sinfi var. Məmur sinfi həm büdcəyə yük olur, həm də əlavə olaraq vətəndaşların fəaliyyətinə kömək deyil, maneçilik törədirlər. Artıq illərdir ki, bununla bağlı təklif verib, çıxışlar edirik. Ölkənin böyük 14-15 rayona bölünməsi və orada prezidentin şəxsi nümayəndəsinin təyin edilməsi, yerdə qalan məsələlərin bələdiyyələrə dövr edilməsi, yerli özünüidarəetməni gücləndirilməsi və s. bütün bunlar artıq aktualdır. Zaman itiririk. İdarəetmənin forması və fəlsəfəsi dəyişməlidir”.
Natiq Cəfərli bildirib ki, kimin hansı rayona icra başçısı təyin edilməsindən asılı olmayaraq, bir müddətdın sonra korrupsiya faktları üzə çıxır: "Söhbət şəxslərdə deyil, sistemin özündən gedir. Sistemin özü artıq özünü bitirib. Səhv etmirəmsə, bu, 10-cu əməliyyatdır. İcra hakimiyyətlərində keçirilən əməliyyatlar davam edir. Bəziləri işdən çıxarılır, bəziləri korrupsiya əməllərində ifşa olunaraq həbs olunur. Onların bu günə kimi topladığı qeyri-leqal varidatı üzə çıxır. Son iki ildə biz dəfələrlə bunun şahidi olmuşuq. Bu bir daha sübut edir ki, artıq söhbət şəxslərdən getmir”.