İcra başçısı institutu tam ləğv edilməlidir - Natiq Cəfərli


"Prezident İlham Əliyevin yeni təyin etdiyi icra başçıları ilə görüşündə səsləndirdiyi fikirləri, tezisləri oxudum. Aaçığı, bu yanaşma ilə heç nəyin dəyişməyəcəyinə bir daha əmin oldum".


AFN.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti hələ də “yaxşı məmur” axtarır: "Hələ də problemlərin şəxslərdə olduğunu düşünür – sistemin zay olduğunu qəbul etmək istəmirlər. Qəbul etmək istəmirlər ki, təyinolunmuşlar ancaq təyin edənin qarşısında məsuliyyət daşıyır deyə əhalini saymır, təyinolunmuşları seçilmişlər əvəz etməsə regionlarda idarəetmə uğurlu olmayacaq. İcra başçılarının səlahiyyət və məsuliyyət məsələsi də aydın deyil. Prezident hər çıxışında onlara xarici investorlar cəlb etmək tapşırığı verir, heç biri də deyə bilmir ki, cənab Prezident, bizim elə bir səlahiyyətimiz yoxdur, elə bir mexanizm də yoxdur – məsələn, bu gün Masallıya yeni icra başçısı təyin edilib, o fransız Mişeli, alman Qansı, amerikalı Conu ora necə dəvət edə bilər?! Nə deyib dəvət edəcək?! Xarici investor bəyəm toya çağırılası qonaqdı?! Axı onlar hansısa ölkəyə investisiya qoymaq istəyəndə həmin ölkəni tam öyrənirlər, qanunvericiliyini, gömrük və vergi siyasətini, məhkəmələrin durumunu, korrupsiyanın səviyyəsini, ölkənin imicini nəzərə alırlar – yaxşı, bunların hansı icra başçısından asılı problemlərdir ki, onları həll etsin?!
Daha bir problem odur ki, icra başçısına, məsələn, 1300-1500 manat maaş verib hansısa rayona göndərirlərsə, elə bəri başdan, “get nətər istəyirsən dolan”, deyirlər, o da dolanmağın yollarını axtarır. O tifil icra başçısına Bakıdan ayda ikicə qonaq qəlsə, maaşı onlara qonaqlıq verməyə, gedəndə bir quzu, iki ördək, 1 qaz pay qoymağa belə çatmaz – guya bunu bilmirlər Prezident Administrasiyasında?!
Çıxış yolunu 100 dəfə demişik, bu da olsun 101: İcra başçısı institutu tam ləğv edilməli, səlahiyyəti və məsuliyyəti bəlli olan, qanunlarla çərçivələnən seçilmişlər idarəetməyə gətirilməli, seçkilərdən asılı idarəedənlər olmalıdır. Onların maaşı da çox yüksək olmalıdır ki, gözü onun-bunun əlində qalmasın..."



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu