Qarabağda fərqli şəkildə torpaq islahatı keçirmək mülkiyyət hüquqlarının pozulmasıdır


Azərbaycanda torpaq islahatları yenidən gündəmdədir. Rəsmi açıqlamalar göstərir ki, işğaldan azad edilən ərazilərdə torpaq islahatlarına hazırlıq görülür. Respublika ərazisində torpaq islahatlarının 1997-1999-cu illəri əhatə edən birinci mərhələsində ölkədə mövcud olmuş 2032 (bəzi mənbələrdə 2041) kollektiv təsərrüfat, yəni kolxoz və sovxozlar ləğv edilib, onların əkinə yararlı münbit torpaqları əhaliyə paylanılıb. Bu mərhələdə Ermənistan tərəfindən işğal olunmuş ərazilər istisna olmaqla, Azərbaycan Respublikasında torpaq payı almaq hüququ olan 873 618 ailədən 869 268 ailəyə, yəni 3 442 778 şəxsə torpaq payı verilib, torpaq islahatı 99.5% yerinə yetirilib.


Qarabağın işğaldan azad olunmuş ərazilərində torpaq islahatına hazırlıq görülsə də, prosesin nə zaman aparılacağı məlum deyil. Bu günlərdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, fevralın sonunda dövlət qurumlarının rəsmilərindən ibarət böyük nümayəndə heyəti Türkiyə və İsrailə səfər edəcək, bu ölkələrin torpaq islahatı sahəsində təcrübəsi öyrəniləcək. Açıqlamadan belə anlaşılır ki, hökumət Qarabağda torpaq islahatını Azərbaycanın digər rayonlarındakı kimi həyata keçirmək istəmir, yeni mexanizmlər axtarır. Bu nə dərəcədə qanunvericiliyə uyğundur?



AFN.az-a mövzu ilə bağlı danışan iqtisadçı ekspert Qalib Toğrul hesab edir ki, hökumət Qarabağın işağdan azad olunmuş ərazilərində torpaq islahatını ölkənin digər ərazilərində aparılmış mexanizm əsasında həyata keçirməlidir, çünki qanunvericilik bunu tələb edir: “Əks halda bu, ölkə əhalisinin bir hissəsinin Konstitusiya ilə təsbit olunmuş hüquqlarının pozulması olacaq. Son vaxtlar işğaldan azad olunmuş ərazilərə münasibətdə Azərbaycanın digər regionları ilə müqayisədə fərqli qanunvericilik rejiminin formalaşdırılmasını ürəkağrısı ilə müşahidə edirəm. Bu, torpaqların icarəyə verilməsi, yaşayış məntəqələrinin salınması və digər həlledici məsələlərdə özünü bariz şəkildə göstərir. Bəzən Azərbaycan Konstitusiyası ilə tənzimləmək səlahiyyəti parlamentə verilmiş məsələlərlə bağlı Prezident fərmanı və ya Nazirlər Kabinetinin qərarı ilə yeni hüquqi normalar yaradılır. Belə məsələlərdə diqqətli olmaq lazımdır. Qarabağda fərqli şəkildə torpaq islahatı keçirmək və ya ümumiyyətlə islahat aparmamaq birmənalı şəkildə məcburi köçkünlərin sosial və mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndiriləcək.”
İqtisadçı bidlirib ki, 90-cı illərdə keçirilmiş torpaq islahatı işğal altında olan torpaqları əhatə etmədiyindən, bu məsələ ilə bağlı müvafiq qanunvericilik aktlarında xüsusi müddəalar nəzərdə tutulub: “Torpaq islahatı haqqında” qanunda “Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində zəbt edilmiş torpaqların azad olunmasından sonra torpaq islahatının aparılması” adlı 24-cü maddə var. Orada aydın şəkildə yazılıb ki, Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində zəbt edilmiş torpaqların azad olunmasından sonra torpaq islahatlarının aparılması və həmin torpaqlardan məcburi köçürülmüş şəxslərin xüsusi mülkiyyətinə torpaqların verilməsi Qanunda göstərilən qaydada həyata keçirilir. "Sovxoz və kolxozların islahatı haqqında" qanunda da oxşar müddəalar nəzərdə tutulub. Qarabağda torpaq islahatı birinci mərhələnin qaydalarına uyğun vahid meyarlar, yəni "Torpaq islahatı haqqında" qanun əsasında aparılmalıdır”.
İqtisadçı hesab edir ki, Qarabağda torpaq islahatının keçirilməsinin obyektiv çətinlikləri var və bu islahatın mexanizmi ilə əlaqəli deyil, vaxtilə həmin torpaqlarda yaşamış, torpaq üzərində mülkiyyət hüququ tanınan insanların əksəriyyətinin dünyasını dəyişməsi ilə bağlıdır: “Qarabağda aparılacaq torpaq islahatı bütün məcburi köçkünləri əhatə etməlidir. Bəzən rəsmi səviyyədə fikirlər səsləndirilir ki, daimi yaşamaq üçün Qarabağa qayıtmayan məcburi köçkünlərə ev, həyətyanı torpaq və pay torpağı verilməyəcək. Bu, kökündən yanlış yanaşmadır, belə olan təqdirdə həmin vətəndaşların mülkiyyət hüquqları pozulmuş olacaq. Qanunvericilik sovxoz və kolxozlarda daimi işləyənlərin, 16 iyul 1996-cı ilədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslərin və həmin tarixədək sovxozun və ya kolxozun ərazisində yaradılmış müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçilərinin, əsas iş yeri həmin müəssisələr olanların və sovxoz və kolxozlardan təqaüdə çıxaraq, müvafiq rayonun (şəhərin) ərazisində yaşayanların sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququnu tanıyır.”
Qalib Toğrul Türkiyə və İsrail təcrübəsinin öyrənilməsi ilə bağlı açıqlamanı ötən ilin sonlarında qəbul olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair I Dövlət Proqramı ilə əlaqələndirib: “Dövlət Proqamında müvafiq dövlət qurumlarına tapşırılıb ki, Qarabağda torpaq islahatlarının aparılması ilə bağlı 2026-cı ildək təkliflər hazırlasınlar. Hökumət 90-cı illərdə aparılmş torpaq islahatını əkinə yararlı torpaqların kiçik hissəslərə bölünməsi səbəbindən səmərəli hesab etmir, ona görə yeni yollar axtarır. Məncə, Türkiyə və İsrailin bu sahədəki təcrübəsinin öyrənilməsi bizə heç bir fayda verməyəcək”.
İqtisadçı deyib ki, Türkiyədə 2 dəfə torpaq islahatının keçirilməsi ilə bağlı cəhd edilib, müxtəlif səbəblərdən ikisi də uğusuzluğa düçar olub: “Birinci cəhd Atatrükün vaxtında, ikinci cəhd isə 1945-ci ildə olub. İkinci cəhddə torpaq sahibi olan ağaların ciddi müqaviməti ilə qarşılaşan Cümhuriyyət Xalq Partiyası məhz torpaq islahatı keçirmək istəyindən dolayı bu partiyadan ayrılıb Demokratik Partiyanı quran Adnan Menderes və tərəfdarlarına seçkilərdə məğlub olub. Bizim islahat öncəsi vəziyyətimizlə Türkiyənin durumu bir-birindən kəskin fərqlənir. Hazırda Qarabağ torpaqları üzərində rəsmi olaraq özəl mülkiyyət hüququ olan şəxslər yoxdur, torpaqların hamısı dövlətə məxsusdur. Atatürk və tərəfdarları isə böyük torpaq sahibləri olan ağalardan torpağı alıb kəndlilərə vermək istəyirdi. Ona görə də Türkiyənin torpaq islhatı sahəsindəki uğursuz təcrübəsinin bizə faydası olmayacaq. İsrail dünyada kənd təsərrüfatı sahəsində böyük uğurlar əldə eləmiş ölkə kimi tanınsa da, bu uğur torpaq islahatı ilə bağlı deyil. Bu ölkədə torpaq islahatına həmişə seçkilərdə səslərin qazanılması məsələsi kimi, yəni siyası mövqedən yanaşılıb”.
Qalib Toğrul torpaq islahatının keçirilməsinin məcburi köçkünlər üçün həyati əhəmiyyətə malik olduğunu və islahatın keçirilməsi üçün, ilk növbədə qanunvericilikdə tələb olunan işlərin görülməsinin vacibliyini vurğulayıb: “Qanunvericiliyə uyğun olaraq torpaq islahatı yerquruluşu layihələri və şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planları əsasında aparılır. Yaxşı olar ki, torpaq islahatı sahəsində xarici ölkələrin təcürbəsini öyrənmək əvəzinə Qarabağda yerquruluşu layihələrinin və baş planların hazırlanması işləri sürətləndirilsin”.

Həbibə ABDULLA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu