Qarabağda torpaq islahatları aparılacaqmı? – Təcrübə və təkliflər


44 günlük Vətən Müharibəsinin nəticəsi olaraq işğaldan azad edilən təxminən 10 min kvadratmetrlik ərazilərimizdə bərpa məsələləri gündəmin əsas mövzularındandır. 30 ilə yaxındır işğal altında olan torpaqlarımızda demək olar ki, hər şey yenidən qurulmalıdır. İstər yaşayış məskənləri, istər infrastruktur tamamilə dağıdılıb. Bərpa ilə bağlı bir çox təkliflər var. Bir sıra ekspertlər bərpa zamanı kompakt yaşayış məskənlərinin salınmasını təklif edirlər. Bildirilir ki, bu halda həm dövlətin üzərinə düşən yük azalar, həm də tikinti-quruculuq işləri zamanı korrupsiya hallarının olmaması üçün nəzarət asanlaşar. Bəzi ekspertlər isə məhz köhnə yaşayış məskənlərinin bərpasının tərəfdarıdırlar. Hər iki halda ortada müzakirə olunan əsas mövzu əkin sahələrinin bölüşdürülməsidir. Müzakirələrin gedişində ortaya çıxan vacib məsələlərdən biri də vaxtilə ölkəmizdə aparılan torpaq islahatlarının həmin əraziləri əhatə etməməsidir. Maraqlıdır, işğaldan azad edilən ərazilərdə islahatlar aparılmalıdırmı? Aparılarsa hansı kontingenti əhatə edəcək: vaxtilə həmin ərazilərdən məcburi köçkün düşən şəxsləri, yoxsa ora qayıdacaq şəxsləri? Yəni 30 ildə baş verən artım nəzərə alınacaqmı?



İqtisadçı ekspert Rövşən Ağayevin sözlərinə görə, Azərbaycanda torpaq islahatları 1995-ci ildə qəbul olunmuş qanunlar əsasında həyata keçirilib. Həmin dövrdə isə artıq bizim torpaqlarımız işğal edilmişdi: “Ona görə də təbii ki, orada islahatlar gedə bilməzdi. Bu çox maraqlı mövzudur. 1995-ci ildə qəbul olunmuş qanunlar əsasında 1998-ci ildən başlayaraq islahatlar aparılanda nəzərdə tutulmuşdu ki, 1996-cı il avqust ayının 1-nə qədər anadan olmuş körpələr də daxil olmaqla həyatda olan bütün kolxoz-sovxoz ərazisində yaşamış, işləmiş insanlar o torpaqlardan pay alırdılar. Həmin vaxt kənd təsərrüfatı təyinatlı torpaqlar da 3 yerə bölünmüşdü: dövlət fondunda saxlanan torpaqlar, bələdiyyə mülkiyyətində qalanlar və insanlara çatacaq pay torpaqlar. İndi artıq o dövrdə istifadə olunan 1996-cı il 1 avqusta qədər doğulan uşaqlar normativi alınmayacaq, çünki artıq 25 il keçir, ailələrin, insanların sayı artıb. Mən düşünürəm ki, artıq hökumət oralarda torpaq islahatı aparmaq üçün müvafiq qanunlara yenidən baxmalıdır”.
R.Ağayevin sözlərinə görə, işğaldan azad edilən ərazilərdə təxminən 700 min hektara yaxın kənd təsərrüfatı təyinatlı torpaq var: “Siz bilirsiniz ki, əvvəlki islahatlarda bu cür torpaqların 27 faizi kəndlilərə verildi, yerdə qalanı dövlət fondunda və bələdiyyələrdə qaldı. İşğaldan azad olunmuş ərazilərimizdə də beləmi olacaq, yoxsa pay torpaqları çoxluq təşkil edəcək? Bu kimi sualların cavabı yoxdur, fikrimcə, hökumət qanunlara yenidən baxacaq, yeni normativlər, yeni prinsiplər formalaşacaq. Mənim təklifim ondan ibarətdir ki, islahatların bu mərhələsində özəl mülkiyyətə daha çox torpaqların verilməsi təmin edilməlidir. Birinci islahatlarda dövlət və bələdiyyə mülkiyyətində qalan torpaqlar çox nəzarətsiz, qeyri-şəffaf meyarlar üzərində, bir qrup monopol şəxsin təsiri altında qaldı. Fermerlər ordan effektiv fayda götürə bilmədi. Ona görə mən düşünürəm ki, o ərazilərdə daha böyük dövriyyə vətəndaşlara verilməlidir. Bu məsələ ictimaiyyətin də diqqətində olmalıdır. O ərazilərin kənd təsərrüfatı cəhətdən inkişaf etdirilməsi üçün fermerçiliyin ciddi şəkildə dəstəklənməsinə ehtiyac var. Bu isə təbii ki, torpaq resurslarının daha çox özəl formada insanların əlində cəmlənməsindən asılıdır”.

HƏBİBƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu