Qarabağda Türkiyə məhsulları satılırsa, deməli blokada da yoxdur - ŞƏRH
Qarabağda erməni əhalisinin kampakt yaşadığı ərazidə Türkiyə istehsalı olan kənd təsərrüfatı və ərzaq məhsullarının peyda olması, satışı ilə bağlı məlumatı birmənalı şəkildə istisna etmək mümkün deyil. Çünki həmin bölgədə mal və məhsulların Ermənistan ərazisindən daşınması və satışı həyata keçirilir.
Bu baxımdan da Qarabağa Türkiyə istehsalı olan məhsulların bu ölkədən gətirilməsi mümkündür. O da məlumdur ki, hər iki ölkə arasında qeyri-rəsmi ticarət dövriyyəsi var. Bunun həcmi az olsa da, hətta Azərbaycan torpaqları işğal altında olduğu dövrdə qeyri-rəsmi formada idxal-ixrac əməliyyatı həyata keçirilib. İndinin özündə isə Ermənistan bazarında Türkiyə məhsullarının satıldığını tərəflər təkzib etmir. Bu məhsullar üçüncü ölkələr vasitəsilə də Ermənistan bazarına daxil edilə bilər. Ona görə də Qarabağa həmin məhsulların Laçın-Xankəndi yolu ilə daşınması və orada satılması istisna deyil.
Bu məsələnin digər tərəfi də var. Bu xəbər onu göstərir ki, Qarabağın blokadada olması, orada yaşayan ermənilərin aclıq içində olması, ərzaq məhsullarının gətirilməsinin mümkün olmadığı ilə bağlı ermənilərin qaldırdığı səs-küy yersizdir. Əgər Türkiyə məhsulları gəlib Qarabağda satıla bilirsə, deməli, nə yollar bağlıdır, nə blokada var, nə də ki, həmin bölgəyə gələn ərzaq məhsullarının qarşısı alınır. Yəni istər humanitar yardım olsun, istərsə də ərzaq məhsullarının daşınmasına heç bir maneə yoxdur. Bu xəbərin özü ermənilərin iddialarını yalanlayır.
M.Vahidli