Türkiyə Rusiyaya tranzit yüklərin rəsmiləşdirilməsi ilə bağlı bəyannamələri rədd etməyə başlayıb


Türkiyə Avropa İttifaqından Rusiyaya gedən tranzit yüklərin rəsmiləşdirilməsi ilə bağlı bəyannamələri rədd etməyə başlayıb.


AFN.az xəbər verir ki, bu barədə “Optimal Logistics”in baş direktoru Georgi Vlastopulo “Business FM”ə bildirib. Baş direktor qeyd edib ki, martın 8-də aviaşirkətlər Türkiyə üzərindən Rusiyaya gedən bütün yüklər üçün əvvəllər təsdiqlənmiş sifarişləri ləğv etməyə başlayıblar. Bildirilib ki, Türkiyə gömrük sistemi ölkədə istehsal olunmayan və Rusiyaya qarşı sanksiyalar tətbiq edən ABŞ, Kanada və Aİ üzvü olan digər ölkələrdən gələn mallar üçün tranzit bəyannamələrinin verilməsini rədd etməyə başlayıb: “Yoxlamalar aparıldı və məlum oldu ki, bəzi Avropa mənşəli mallar üçün biz hətta tranzit bəyannaməsini belə verə bilmirik, çünki sistem bu bəyannaməni bloklayır. Külli miqdarda yük yığılıb, çünki Türkiyə, bildiyiniz kimi, bütün yüklər üçün ən böyük tranzit qovşağıdır. Türkiyədə fəaliyyət göstərən bir çox logistik şirkətlər artıq Nəqliyyat Nazirliyinə müraciət, məktub yazıb və bu malların nə olacağı ilə bağlı aydınlıq gözləyirlər".
Türkiyə indi faktiki olaraq rus idxalçıları üçün tranzit qovşağının yerini tutub. İstanbulun konteyner terminalları ildə 1200-dən çox gəmini qəbul edə bilir. Türkiyə-Rusiya marşrutu üzrə kontragentlərlə bank hesablaşmaları və müxtəlif çatdırılma marşrutları həyata keçirmək mümkündür. Daşıma dəniz, dəmir yolu və avtomobil yolu ilə, həmçinin multimodal sxemlərdən istifadə etməklə həyata keçirilə bilər.

Xatırladaq ki, Avropa İttifaqı və ABŞ Rusiyaya qarşı sanksiyalardan yayınmaların qarşısını almaq istiqamətində nəzarət tədbirlərini gücləndiriblər. Onlar hərbi sənayedə istifadə olunması mümkün olan məhsulların üçüncü ölkələr tərəfindən qarşısını almağa çalışırlar. Ötən il bu istiqamətdə ilk xəbərdarlıq Avropa İttifaqından Qazaxıstan və Ermənistana edilib. Avropa Statistika orqanı üzə çıxarmışdı ki, xüsusilə Ermənistan Avropadan detalları silah istehsalında istifadə olunması mümkün olan məişət cihazları, avadanlıqların alışını 3-4 dəfə artırıb. Hansı ki, həmin məhsulların Rusiyaya satışı qadağandır. Buna görə Avropa İttifaqı hər iki ölkəyə xəbərdarlıq etdi. Daha sonra isə Ermənistan mənşəli bir şirkətin Rusiyaya mikroçiplərin gizli daşınmasını təşkil etdiyi üzə çıxdı və ABŞ həmin şirkəti sanksiya siyahısına daxil etdi.
Qeyd edək ki, Türkiyə ötən ilin payızından Rusiyaya qadağan olunan məhsulların daşınması iddiaları ilə üzləşib. Avropa Komissiyası və ABŞ Ticarət Nazirliyinin yüksək vəzifəli rəsmiləri son 3 ayda iki dəfə Ankarada olaraq, Rusiyaya qadağan olunan malların daşınmasının qarşısının alınmasını tələb ediblər. Əks halda, Türkiyəyə qarşı sanksiyaların tətbiq olunacağı elan edilib. Bu baxımdan, Türkiyə üzərindən Rusiyaya daşınan malların tranzit rəsmiləşməsinin dayandırılmasının əsas səbəbinin məhz bu tələblə bağlı olduğu heç kimə sirr deyil.
Ukraynada müharibə başlayandan Rusiya ilə ticarət əlaqələrini böyük ölçüdə genişləndirməklə qazanc əldə edən Türkiyənin ABŞ və Aİ-nin xəbərdarlıqlarını nəzərə almaması mümkün deyil. Çünki Türkiyə ixracının 60 faizdən yuxarısı məhz ABŞ və Aİ ölkələrinə reallaşır. Belə böyük bazarları itirmək Türkiyə iqtisadiyyatının qısa müddətdə çökməsinə gətirib çıxara bilər...

Onu da xatırladaq ki, ötən il ABŞ Maliyyə Nazirliyinin xəbərdarlığından sonra Türkiyədə Rusiyanın "Mir" ödəniş sisteminin fəaliyyəti dayandırıldı. "Mir" kartlarına xidmət göstərən 5 Türkiyə bankı bundan imtina etməli oldu. Həmin vaxt Rusiya ilə Türkiyənin yeni ödəniş sistemi yaradacağı elan olunsa da, hələ ki bu istiqamətdə real addımlar atılmayıb. Bunun əsas səbəbi Qərbin Türkiyəyə sanksiya xəbərdarlıqlarıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu