Nazir Türkiyə ilə əlaqələrin Ermənistana faydasından danışdı


“Geosiyasi şərait Ermənistanın xeyrinə inkişaf etsə və Türkiyə ilə sərhəd açılsa, o zaman Ermənistandakı bütün sahibkarlar müsbət təsirini hiss edəcək”.


AFN.az-ın məlumatına görə, bu haqda Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan danışıb. “Armenpress”ə açıqlamasında Kerobyan Türkiyənin Ermənistandan birbaşa hava nəqliyyatı ilə yüklərin daşınmasına qoyulan qadağanın ləğvi ilə bağlı son qərarına və bunun Ermənistan iqtisadiyyatına mümkün təsiri məsələsinə toxunarkən qeyd edilən fikri səsləndirib. “Bizdə olan məlumata görə, hələlik müntəzəm uçuşlar yoxdur. Düzünü desəm, ölkələr arasında yaxın məsafəni nəzərə alsaq, çox güman ki, olmayacaq da. Çünki quru yolu ilə, Gürcüstan ərazisindən keçən nəqliyyat əlaqələri kifayət qədər əlçatandır. Hava əlaqəsi isə ilk baxışdan o qədər də cəlbedici deyil”, - deyə erməni nazir əlavə edib.
Bununla belə, nazir bəzi növ məhsulların müntəzəm daşınacağını istisna etməyib.
“İstənilən halda, sərnişin hava daşımaları zamanı yüklər də daşınır ki, bu da əslində bir növ hava yük daşımalarıdır. Sadəcə olaraq, hələ yük təyyarələri yoxdur, bəlkə də olmayacaq. Bu, bizi xüsusilə narahat etmir”, - Kerobyan əlavə edib.
Türkiyə ilə mümkün sərhədlərin açılmasının iqtisadiyyata təsiri ilə bağlı Kerobyan deyib: “Türkiyə ilə sərhədin açılması yüksək iqtisadi artıma səbəb olacaq. Çünki Türkiyə bazarı, kommunikasiyaların açılması həm Türkiyə bazarına çıxmaq, həm də Yaxın Şərq ölkələrinə malların daşınması baxımından geniş imkanlar yaradacaq. Bütün bunlara təbii ki, yerli səviyyədə, kiçik şəkildə baxmaq lazım deyil. Bu, böyük şəklin kiçik bir hissəsidir. Əgər geosiyasi şərait bizim xeyrimizə inkişaf etsə və biz son nəticədə buna nail olsaq, əminəm ki, bütün erməni iş adamları bunun müsbət təsirini hiss edəcəklər”.
O, sərhədlərin açılması kontekstində erməni istehsalçıları üçün mümkün risklər məsələsinə toxunaraq risklərin olacağını istisna etməyib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu