Fransa borcla mübarizə üçün iki rəsmi bayram gününü ləğv etməyi planlaşdırır

Fransanın Baş naziri Fransua Bayru ölkənin dövlət borcunu azaltmaq məqsədilə 2026-cı il büdcəsi çərçivəsində iki rəsmi tətil gününün ləğv edilməsini təklif edib. Bayrunun təklifi həm dövlət xərclərinin azaldılmasını, həm də müdafiə büdcəsinin artırılmasını nəzərdə tutan daha geniş miqyaslı bir planın tərkib hissəsidir.
Bayru ləğv olunması təklif edilən bayramların Pasxa bazar ertəsi və 8 may olduğunu açıqlayıb. 8 may Avropada İkinci Dünya Müharibəsinin başa çatmasını simvolizə edən əlamətdar bir gün kimi tanınır.
Bayru may ayındakı bayramların təqvimi qruyere pendiri kimi deşik-deşik etdiyini deyib, lakin fərqli təkliflərə də açıq olduğunu bildirib.
Baş nazir Fransanın borc altında əzilmə təhlükəsi ilə üz-üzə olduğunu qeyd edərək, reallıq adlandırdığı kürsü çıxışında bir saatdan çox danışaraq ölkənin büdcə kəsirinə nəzarət etmək üçün atılması vacib olan cəsarətli addımları sadalayıb.
Bayrunun planına əsasən, 2026-cı ildə dövlət xərcləri dondurulacaq, varlı təbəqəyə verilən vergi güzəştləri ləğv olunacaq və dövlət qulluqçularının sayı azaldılacaq.
Digər tərəfdən, Prezident Emmanuel Makronun çağırışı ilə müdafiə büdcəsinin 2026-cı ildə 3,5 milyard avro, 2027-ci ildə isə 3 milyard avro artırılması planlaşdırılır.
Lakin iki bayram gününün ləğvi təklifi cəmiyyətin ən çox diqqətini çəkən başlıq olub. Bayru Pasxa bazar ertəsinin dini anlam daşımadığını və xalqın daha çox işləməli və istehsal etməli olduğunu bildirib.
Bayrunun təklifləri dərhal gündəmə çevrilib və bir çox dairələrdən tənqid alıb. İfrat sağçı Milli Birlik (RN) partiyası bu təklifi Fransa tarixinə və işçilərə hücum kimi qiymətləndirib.
Yaşıllar Partiyasının lideri Marin Tondelye isə nasizmə qarşı qələbənin xatırlandığı bir günün artıq tətil olmayacağına etiraz edib.
Bayru isə təklifinin sadə bir riyazi hesablama olduğunu bildirərək, “Yolda qalmaq istəmiriksə, 40 milyard avrodan çox vəsait tapmalıyıq” deyib. O, Fransanın hər saniyədə 5 min avro borclandığını vurğulayıb.
Bayru 2024-cü ildə 5,8% olan büdcə kəsirini 2025-ci ildə 4,6%-dən aşağı salmağı, 2029-cu ilə qədər isə bu göstəricini 3%-dən aşağı endirməyi hədəflədiklərini bildirib.
Dekabr ayında vəzifəyə gələn Bayru qısaömürlü sələfi Mişel Barnyeni əvəz edərək baş nazir olmuşdu.
Barnye də oxşar qənaət planını parlamentdən keçirə bilmədiyi üçün hökuməti etimadsızlıq səsverməsi ilə devrilmişdi. İndi oxşar bir ssenarinin Bayrunu da gözlədiyi bildirilir. Bayru isə dəyişiklik üçün risk almağa hazır olduqlarını deyib.
Parlamentdəki üç əsas blokun əməkdaşlıqdan imtina etdiyi bir şəraitdə hökumət devrilərsə, Makron ya yeni bir baş nazir təyin etməli, ya da texnokrat hökuməti qurmalı olacaq.
Lakin Makronun ictimai dəstəyi 25%-dən aşağıdır və 2027-ci ildə başa çatacaq prezidentlik müddətindən əvvəl istefa verməsi çağırışları getdikcə artır.