Süni intellektdə enerji böhranı : Texnologiya nəhəngləri həll yolu axtarır

Süni intellekt sektoru dünyada sürətlə yayılarkən, paralel olaraq bu texnologiyanın nəhəng enerji istehlakını azaltma yolları da axtarılır. Daha səmərəli soyutma sistemləri, enerjiyə qənaətcil çiplər və ağıllı alqoritmlər ön plana çıxsa da, mütəxəssislər yaxınlaşan enerji böhranı barədə xəbərdarlıq edirlər.
Beynəlxalq Enerji Agentliyinə (IEA) görə süni intellekt tamamilə məlumat mərkəzlərinə bağlıdır və bu mərkəzlər 2030-cu ilə qədər qlobal elektrik istehlakının 3%-ni təşkil edə bilər. Bu, indiki səviyyənin ikiqatı deməkdir.
ABŞ mərkəzli McKinsey məsləhət şirkəti bildirir ki, süni intellektin sürətinə çatmaq üçün bütün dünyada məlumat mərkəzləri inşa etmək yarışı başlayıb, lakin bu yarış qlobal enerji çatışmazlığına səbəb ola bilər.
Miçiqan Universitetindən Kompüter Elmləri professoru Moşaraf Çoudhuri deyib ki, bu problemi müxtəlif səviyyələrdə həll etmək olar.
Onun fikrincə ya enerji təchizatı artırılmalıdır ki, bu zaman alır və texnologiya nəhəngləri artıq bu istiqamətdə qlobal axtarışdadırlar, ya da eyni hesablama gücü üçün daha az enerji sərf edən üsullar tapılmalıdır.
Çoudhurinin laboratoriyası hər bir süni intellekt çipinin nə qədər elektrik enerjisi tələb etdiyini dəqiq hesablaya bilən alqoritmlər inkişaf etdirərək enerji sərfiyyatını 20–30% azaltmağı bacarıb.
İyirmi il əvvəl bir məlumat mərkəzinin infrastruktur hissəsi (məsələn, soyutma sistemləri) serverlər qədər enerji istifadə edirdi. Bu gün isə bu nisbət cəmi 10%-dir. Arup məsləhət şirkətindən Qaret Uilyamsa görə bu ciddi dəyişiklik səmərəliliyə yönəlmiş səylərin nəticəsidir.
İndi bir çox məlumat mərkəzi artıq bütün binanı eyni dərəcədə soyutmaq əvəzinə regional temperaturu süni intellekt dəstəyi ilə müşahidə edən sensorlar vasitəsilə yalnız ehtiyac olan sahələri soyudur. Bu da su və elektrik sərfiyyatının real vaxtda optimallaşdırılmasına imkan yaradır.
McKinsey şirkətindən Pankaj Saçdeva bildirib ki, maye ilə soyutma texnologiyası bu sahənin gedişatını tamamilə dəyişə bilər. Bu sistemdə soyuducu maye birbaşa serverlərin içindən keçir və klassik enerji tələb edən kondisionerləri əvəz edir.
Amazon Web Services (AWS) ötən həftə Nvidia qrafik prosessorlarını soyutmaq üçün özünəməxsus maye soyutma metodunu inkişaf etdirdiyini açıqlayıb. AWS-in vitse-prezidenti Dave Braun deyib ki, mövcud məlumat mərkəzlərimizi yenidən qurmadığımız təqdirdə bu miqyası dəstəkləyəcək maye soyutma imkanlarımız yoxdur.
McKinsey mütəxəssislərinin fikrinə görə, yeni nəsil çiplər əvvəlkilərdən həmişə daha səmərəlidir. Purdue Universitetindən Yi Din bildirib ki, süni intellekt çipləri daha uzun müddət performans itkisi olmadan işləyə bilir.
Ancaq Dinə görə çip istehsalçılarını müştərilərin köhnə avadanlıqlardan daha uzun müddət istifadə etməsinə təşviq etməyə inandırmaq onların mənfəətlərindən imtina etməsi deməkdir.
Din əlavə edib ki, daha səmərəli avadanlıqlar xərcləri azalda bilər, amma ümumi enerji sərfiyyatını azaltmayacaq.
ABŞ üçün enerji süni intellekt sahəsində Çin qarşısında üstünlüyünü qorumaq baxımından kritik amilə çevrilib.
Yanvar ayında Çin şirkəti DeepSeek daha az güclü çiplərlə işləyən və daha az enerji sərf edən bir süni intellekt modeli hazırlayıb. Model ABŞ-dakı ən güclü sistemlərlə eyni səviyyədə performans göstərib.
DeepSeek mühəndisləri təlim prosesində enerji sərfini azaldan fərqli bir yanaşmadan istifadə ediblər. Üstəlik Çinin bərpa olunan və nüvə enerjisi də daxil olmaqla enerji təminatında ABŞ-dan xeyli irəlidə olduğu düşünülür.