Heyvanlar bitkilərin gizli səslərinə reaksiya verir – Yeni araşdırma

Alimlər ilk dəfə olaraq bir heyvanın bitkinin çıxardığı gizli səslərə reaksiya verdiyinə dair sübut əldə edib.
BBC-nin xəbərinə görə, 2023-cü ildə stress altında olan bitkilərin “qışqırdığı”, yəni susuz qaldıqda və ya zərər gördükdə yüksək tezlikli səslər yaydığı kəşf olunmuşdu. Alimlər isə araşdırmalarını heyvanların bu səslərə reaksiyası üzərində davam etdiriblər.
İsrailin Tel-Əviv Universitetindən tədqiqatçılar apardıqları araşdırmada stress altında olduqlarını bildirən pomidor bitkilərinə dişi kəpənəklərin reaksiya verərək onlara yumurta qoymaqdan çəkinməsini müəyyən edib.
Tədqiqatda qeyd olunub ki, bu davranış kəpənəklərin bitkilərdən yayılan, insan qulağının eşidə bilmədiyi tezlikdəki səsləri qəbul etdiyini və onlara əsasən qərar verdiyini göstərir.
Tel-Əviv Universitetindən professor Yossi Yovel bildirib ki, bu, bir heyvanın bitkinin çıxardığı səsə reaksiya verdiyini göstərən ilk sübutdur: "Hazırda yalnız ehtimal irəli sürə bilərik, amma bir çox heyvanın bitkidən gələn səsə görə məsələn, tozlandırıb-tozlandırmamağa, içində gizlənməyə və ya yeməyə qərar verə biləcəyi bir ekosistem təsəvvür edə bilərik”.
Alimlərdən professor Lilaç Hadani isə bu kəşfin yalnız heyvanlar üçün deyil, bitkilərarası ünsiyyət üçün də əhəmiyyətli olduğunu vurğulayaraq “Əgər bir bitki stress altındadırsa, bundan ən çox təsirlənən digər bitkilər olacaq. Buna görə bitkilərin bir-birindən gələn səs siqnallarına reaksiya verməsi, məsələn, quraqlıq zamanı suyu daha ehtiyatla istifadə etmələrinə səbəb ola bilər” deyə əlavə edib.
Tədqiqatçılar qeyd edirlər ki, bu nəticələr yalnız başlanğıcdır və gələcəkdə müxtəlif bitkilərin fərqli səslər istehsal edib-etmədiyi, eləcə də digər heyvan növlərinin bu səslərə reaksiyası araşdırılacaq.
Tədqiqat nəticələri eLife jurnalında dərc olunub.