Bonobolar cümlə qururlar: İnsan dilinin unikallığı sual altındadır

Elm adamları bonoboların səsləri birləşdirərək mənalı ifadələr yaratdığını aşkar ediblər. Bu tapıntılar dilin insanlara xas bir qabiliyyət olmaya biləcəyini deməyə əsas verir.
Araşdırma Konqo Demokratik Respublikasının Kokolopori qoruğunda yaşayan bonobolar üzərində aparılıb. İsveçrənin Sürix Universiteti və Harvard Universitetinin alimləri bu meymunların çıxardıqları səsləri təhlil edib və ünsiyyət tərzlərini araşdırıblar.
Əldə edilən məlumatlar bonoboların təkcə səslərdən istifadə etmədiyini, eyni zamanda insanlar kimi onları mənalı şəkildə birləşdirərək ifadələr yaratdığını ortaya qoyub.
Araşdırmanın ilk mərhələsində bonoboların çıxardığı hər bir səsin nə demək olduğu müəyyən edilib. Bununla da alimlər bir növ bonobo lüğəti yaradıblar.
Tədqiqata rəhbərlik edən alim Melisa Bertet "İlk dəfə olaraq bir növ heyvanın bütün vokal repertuarını mənalandırmaq mümkün olub. Bu, növlərarası ünsiyyəti anlamaq üçün çox mühüm addımdır" deyib.
Araşdırmanın ikinci mərhələsində bonoboların çıxardıqları səslərin necə bir araya gətirildiyi təhlil edilib. Dilçilikdən götürülmüş üsullarla aparılan yoxlama bu səslərin təsadüfi deyil, müəyyən qaydaya uyğun birləşdiyini göstərib.
Sürix Universitetindən Prof. Simon Tounsend bəzi səs birləşmələrinin insan dilində olduğu kimi bir ifadə başqa bir ifadəyə uyğun gəlir kimi mürəkkəb strukturlara malik olduğunu söyləyib. Tounsend dilin bu cəhətinin təkcə insanlara xas olmadığını göstərdiyini bildirib.
Araşdırmada iştirak edən Harvard Universitetindən Prof. Martin Surbek insanların və bonoboların təxminən 7-13 milyon il əvvəl ortaq əcdada sahib olduqlarını xatırladaraq, "Bu o deməkdir ki, dilin struktur qurma xüsusiyyəti insanlardan çox daha əvvəl təkamül etmiş ola bilər" deyib.
Mütəxəssislərin fikrincə bu qabiliyyət bonobolarda insanlarda dil yaranmazdan çox əvvəl mövcud olub və insan dili bu təkamül irsini miras almış ola bilər.
Tədqiqat həm də heyvanların ünsiyyət bacarıqlarının anlaşılmasını dərinləşdirir. Elm adamları bonoboların mürəkkəb mənalar çıxarma qabiliyyətinin dilin təkamül təməl daşlarından biri olduğunu düşünürlər.
Tədqiqatın nəticələri göstərir ki, heyvanlar düşündüyümüzdən çox daha təkmil rabitə sistemlərinə malik ola bilər.