Respublika TTTYM-in qəribə tenderi: Vergi Xidmətinə qarşı vəkil axtarır

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” Dövlət Vergi Xidmətinə qarşı vergi borcu ilə bağlı məhkəmə iddiası qaldırıb.
AFN.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkədə məlumat verib. Onun sözlərinə görə, bu məhkəmə çəkişməsindən qəribə görünən bir tender vasitəsilə xəbərdar olub: “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi məhkəmədə özünü müdafiə etmək üçün hüquqi xidmət alışı üzrə tender elan edib. Tenderin adı isə tam bir burokratik şah əsərdir:
‘Dövlət Vergi Xidmətinin Bakı Lokal Gəlirlər Baş İdarəsinin əsassız hesabladığı verginin silinməsi ilə əlaqədar məhkəmə müdafiəsinin təşkili’.
Ehtimal olunan qiymət: 17.700 manat.
Düzü, indiyədək dövlət qurumları arasında müxtəlif məhkəmə çəkişmələri görmüşük, amma bu mövzuda, bu yanaşma ilə — ilk dəfədir.
Görəsən, öncədən bütün xərcləri bəlli olan bu dövlət qurumunun vergi borcu nə qədərdir ki, indi üstəlik 17 min manat da onun mübahisələndirilməsinə xərclənəcək? Yəni borca görə bir dövlət qurumu digərinə qarşı vəkil tutacaq, haqqını ödəyəcək, amma bu pul da yenə büdcədən — yəni bizim cibimizdən çıxacaq”.
O. Gündüz yaranmış vəziyyətlə bağlı suallar da ünvanlayıb: “Dövlət qurumlarının çəkişməsi üçün nəzərdə tutulan bu yeni tipli xərc büdcə təsnifatında necə adlandırılacaq? ‘Öz-özünlə dava xərci’ və ya ‘büdcədaxili məhkəmə çəkişməsi xərci’? Hüquqşünaslar, büdcə mütəxəssisləri daha yaxşı bilər — bu nə dərəcə məntiqidir, görəsən büdcə tərtibatında bu tip xərclər ayrıca nəzərdə tutulurmu?”