Harvardın DNT araşdırması: Dünya əhalisinin yarısının mənşəyi məlum oldu


Harvard tədqiqatı göstərib ki, Hind-Avropa xalqlarının mənşəyi 5 min il əvvəl Ukraynada yaşamış Yamnaya xalqına gedib çıxır. Yamnayalar öz genetik irsini bütün Avropa və Asiyada yayaraq 400 dilin əsasını qoyublar.



Genetik Devid Reyx və Harvard Tibb Məktəbindən komandası DNT analizi nəticəsində Hind-Avropa xalqlarının 5000 il əvvəl Ukraynada yaşamış Yamnaya xalqından törədiyini ortaya çıxarıb.
Tədqiqat çərçivəsində Avropanın 100 fərqli bölgəsindən təxminən 450 prehistorik şəxsin DNT nümunələri araşdırılıb. Daha əvvəl əldə edilmiş 1000 genetik məlumat da araşdırmaya daxil edilib.

"Nature" elmi jurnalında dərc edilən araşdırmada genetik tapıntılar arxeoloji və linqvistik məlumatlar ilə müqayisə edilib. Əldə edilən nəticələrə görə, eramızdan əvvəl 3000-ci ildən əvvəl Volqa çayından Ukrayna çöllərinə köç edən xalqın orada yaşayan icmalarla qarışaraq Yamnayaları əmələ gətirdiyi müəyyən edilib.

Yamnayaların ilk yaşayış məntəqələrindən biri olan Mixaylivka obası (Ukrayna) hazırda Rusiyanın işğalı altındadır. Alimlər bildirirlər ki, Yamnayalar buradan Avrasiyaya yayılaraq genetik irsini Portuqaliyadan Monqolustana qədər daşıyıblar.

Yamnaya mədəni və genetik irsi
Araşdırmaya görə, Yamnaya təkcə Avropanın deyil, bütün dünyanın demoqrafik strukturuna təsir edib. Harvard Universitetindən Devid Reyx bu miqrasiya hərəkatı üçün "Yamnayalar Avropanın və nəhayət, dünya əhalisini dəyişdirdi" ifadələrini istifadə edib.

Bu gün dünyada təxminən 4 milyard insanın bu nəsildən gəldiyi təxmin edilir.

İsveçin Göteborq Universitetinin Yamnaya eksperti Kristian Kristiansen deyir ki, bu yayılma müasirdən əvvəlki qloballaşmanın əsasını qoyub.

Araşdırmada, ümumiyyətlə düşmən kimi görülən Romalılar, Keltlər, Farslar və Makedoniyalıların da bu genetik və mədəni irsi paylaşdığı bildirilir.

Yamnayaların danışdığı dilin latın, yunan, ingilis, rus, urdu və alman dilləri də daxil olmaqla 400-ə yaxın dilin əcdadı olduğu da vurğulanır. Ancaq Estoniyadakı Tartu Universitetinin DNT tədqiqatçısı Lehti Saaq deyir ki, dilin mənşəyi təkcə genetik məlumatlarla müəyyən edilə bilməz.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu