İsraildən İrana yeni hücum təhdidi

İsrail Baş Qərargah rəisi Eyal Zamir zərurət yaranarsa, İrana yeni hücumlar başlaya biləcəkləri ilə bağlı təhdid edib.
Yedioth Ahronot qəzetinin xəbərinə görə, Baş Qərargah rəisi Zamir Tel-Əvivdəki Glilot Hərbi Bazasında keçirilən hərbi mərasimdə çıxış edərək, İsrailin lazım gələrsə, İrana yenidən hücuma hazır olduğunu bildirib.
Baş Qərargah rəisi Zamirin bu təhdidləri İran Milli Təhlükəsizlik Ali Şurasının sədri Əli Laricaninin Beyrut səfəri zamanı İsrailin Livana hücumlar təşkil etdiyini və “yırtıcı bir heyvana çevrildiyi” tənqidindən cəmi bir gün sonra səsləndirilməsi ilə diqqət çəkib.
İsrail ordusunun İrana qarşı Livanda Hizbullahı və Yəməndə İran dəstəyi ilə hərəkət edən Husiləri vurduğunu deyən Zamir zərurət yaranarsa, yenidən hücuma hazır olduqlarını bildirib.
Zamir iyunda 12 gün davam edən İsrail-İran toqquşmasını “mövcudluğa yönəlmiş təhdidi, real təhlükəyə çevrilmədən əvvəl aradan qaldırmağı hədəfləyən qabaqlayıcı müharibə” kimi qiymətləndirib.