Zelenski Ottava Konvensiyasını dayandıran qanunu imzalayıb

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsi üçün Ottava Konvensiyasının – piyada əleyhinə minaların istifadəsini, ehtiyatda saxlanmasını, istehsalını və ötürülməsini qadağan edən beynəlxalq sənədin – fəaliyyətini dayandıran qanunu imzalayıb.
AFN.az xəbər verir ki, bu barədə o, öz “Telegram” kanalında bildirib. “Ali Radadan daxil olmuş sənədi – Ukrayna üçün Ottava Konvensiyasının fəaliyyətinin dayandırılması haqqında qanunu – dərhal imzaladım”, – deyə Zelenski qeyd edib.
Qeyd edək ki, Ukrayna parlamenti bu qanun layihəsini bu gün təsdiqləyib. Sənəd 11 iyulda hökumət tərəfindən təqdim olunub və bu, Zelenskinin 29 iyun tarixli göstərişinin icrası çərçivəsində baş verib. Həmin göstərişdə Prezident Nazirlər Kabinetinə Ukraynanın Konvensiyadan çıxması üçün zəruri tədbirlərin qanunvericiliyə uyğun şəkildə təcili görülməsini tapşırıb.
Ukrayna bu konvensiyanı 1999-cu ildə imzalayıb, 2005-ci ildə isə ratifikasiya edib.