Apple nadir torpaq elementlərinə 500 milyon dollar yatırır

ABŞ-ın texnologiya nəhənglərindən biri olan Apple ABŞ-dakı təchizat zəncirini 500 milyon dollarlıq nadir torpaq maqnitlərinə qoyulan sərmayə ilə genişləndirəcəyini açıqlayıb.
Şirkətdən verilən açıqlamada inteqrasiya olunmuş nadir torpaq istehsalçısı MP Materials ilə bağlanmış çoxillik razılaşma çərçivəsində 500 milyon dollarlıq yeni sərmayə öhdəliyinin verildiyi bildirilib.
Bu çərçivədə Apple-ın Texas ştatının Fort Worth şəhərində MP Materials tərəfindən istehsal olunan ABŞ mənşəli nadir torpaq maqnitlərini alacağı, həmçinin iki şirkətin Kaliforniya ştatında yüksək texnologiyalı nadir torpaq tullantılarının emalı xətti quracağı və maqnitlərin məhsuldarlığını artırmaq üçün yeni materiallar və innovativ emal texnologiyaları inkişaf etdirəcəyi qeyd olunub.
Açıqlamada bu sərmayənin Apple-ın qarşıdakı dörd il ərzində ABŞ-də 500 milyard dollardan artıq xərc çəkmə öhdəliyinin bir hissəsi olduğu vurğulanıb. Eyni zamanda bu addımın Amerikan innovasiyasına, qabaqcıl istehsal üsullarına və yeni nəsil təkrar emal texnologiyalarına uzunmüddətli sərmayələrin davamı olduğu da qeyd edilib.
Apple-ın istehlak elektronikası sahəsində təkrar emal olunmuş nadir torpaq elementlərindən istifadə edən ilk şirkətlərdən biri olduğuna diqqət çəkilən açıqlamada şirkətin cihazlarında istifadə olunan maqnitlərin demək olar ki, hamısının 100 faiz təkrar emal edilmiş nadir torpaq materialları ilə istehsal olunduğu bildirilib.
MP Materials ilə əməkdaşlığın bu strateji materialın daxili bazarda tədarükünün təmin olunmasına xidmət edəcəyi qeyd olunub.
Apple-ın baş direktoru (CEO) Tim Kuk məsələ ilə bağlı açıqlamasında “Amerikan innovasiyası gördüyümüz işlərin mərkəzində dayanır və ABŞ iqtisadiyyatına sərmayələrimizi dərinləşdirməkdən qürur duyuruq” deyib.
Nadir torpaq materiallarının qabaqcıl texnologiyaların istehsalı üçün əhəmiyyətini vurğulayan Kuk, MP Materials ilə əməkdaşlığın bu materialların ölkədəki tədarükünün gücləndirilməsinə kömək edəcəyini bildirib.