Dövlət Departamenti Ukraynada nizamlanmanı danışıqlarda görür

ABŞ administrasiyası Ukraynada tam atəşkəsə nail olmaq və Moskva ilə Kiyev arasında sülh yolu ilə nizamlanmanı danışıqlarda görür və ölkədə müvəqqəti idarəetmənin tətbiqinə qarşı çıxır.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
"Biz danışıqların Rusiya və Ukraynadan sərt qərarlar və kompromislər tələb edəcəyi anlayışı ilə işləyirik. Rusiya və Ukraynanı danışıqlar masası arxasına keçirmək üçün işimizi davam etdirmək niyyətindəyik", - deyə o bildirib.
Onun sözlərinə görə, Ukraynada müvəqqəti administrasiya ilə bağlı Rusiyanın ideyası var idi ki, bunu ABŞ prezidenti Donald Tramp qəbul etməyib. "Ukrayna konstitusion demokratik ölkədir. Ukraynanın idarə olunmasını onun konstitusiyası və Ukrayna xalqı müəyyən edir. Biz tam atəşkəsə nail olmaq və tərəfləri yekun və uzunmüddətli nizamlanma üçün danışıqlar masası arxasına çəkmək üçün lazım olan diplomatiyaya sadiqik. Prezident Tramp açıq şəkildə bildirib ki, Rusiya və Ukrayna dərhal tam atəşkəsə keçməlidir və heç nə dəyişməyib", - deyə Bryus əlavə edib.