Kaja Kallas: Aİ və ABŞ-ın Ukraynadakı müharibəyə baxışı eynidir
Həm Avropa İttifaqı, həm də ABŞ-ın yeni administrasiyası əmindir ki, Ukraynada müharibəyə son qoymaq üçün Rusiyaya təzyiq etmək lazımdır, çünki o, təcavüzkardır.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas bildirib. “Bu müharibəni Rusiya başlatdı. Rusiya isə mülki əhalini və mülki infrastrukturu bombalamağı dayandırmaqla və qoşunlarını Ukraynadan çıxarmaqla buna son verə bilər. Ona görə də biz Rusiya hakimiyyətinə təzyiq etməliyik”, - deyə Kallas vurğulayıb.
Onun sözlərinə görə, Vaşinqtonda da bu vəziyyətlə bağlı “anlayış” var: “Bundan əlavə, ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinə qarşı çox sərt bəyanatlar verib. Beləliklə, düşünürəm ki, bizim vəziyyətə oxşar baxışımız var”.
ABŞ-ın yeni dövlət katibi Marko Rubio ilə ilk telefon danışığı haqda danışan Kallas bildirib ki, Vaşinqtonun da Brüssel kimi Ukraynada müvəqqəti barışıq yox, davamlı sülh istədiyinə əmin olub. “Rusiyanın yeni hücumu ehtimalını istisna edəcək sülhə ehtiyacımız var. Yadda saxlamaq lazımdır ki, Rusiya Federasiyası ÜDM-in 9 faizini hərbi sənayeyə yatırır. Beləliklə, biz düzgün siqnalları göndərmək üçün həqiqətən güclü olmalıyıq" - deyə Avropa diplomatiyasının rəhbəri vurğulayıb.