Tədqiqatçılar nəsli kəsilmiş üç yeni kenquru növü aşkarlayıb
Avstraliyanın Flinders Universitetinin tədqiqatçıları Avstraliyada 5 milyon ilə 40 min il əvvəl yaşadığı təxmin edilən üç yeni kenquru növünü kəşf etdiklərini açıqlayıblar.
"ABC News"un “Megataxa” jurnalında dərc olunan məqaləyə əsaslanaraq verdiyi məlumata görə, Flinders Universitetinin tədqiqatçıları müxtəlif muzeylərdən əldə edilən tapıntıları Cənubi Avstraliyada Kallabonna gölü ətrafında aşkar edilən fosillərlə müqayisə edərkən nəsli kəsilmiş "protemnodon" cinsinə aid 3 yeni kenquru növü aşkar ediblər.
Yeni növlər "protemnodon viator", "protemnodon mamakurra" və "protemnodon davsonae" adlandırıldığı halda, "viator" adlı 170 kiloqram ağırlığında olan növlərin bir-birindən çox fərqli 3 növün ən böyüyü olduğu düşünülür.
Baş tədqiqatçı Dr. İsaak Kerr sözügedən araşdırma üçün İngiltərə, ABŞ və Yeni Qvineya adasındakı 4 fərqli muzeydən 14 kolleksiyadakı fosilləri 5 ildən çox araşdırdıqlarını bildirib.
Bu fosillərin ətraflı fotoşəkillərini çəkən və 3D taraması edən Kerr, 3 növün ən böyüyü olduğu düşünülən "protemnodon viator"un Mərkəzi Avstraliyadakı böyük göl və çayların ətrafında yaşamış ola biləcəyini ifadə edərək, "Bu, qırmızı kenquruya bənzəyir, lakin bir az daha qalın sümüklü və daha əzələlidir." deyib.
Kerr üç növ arasında ən az məlumatın bilindiyi "protemnodon davsonae" növünü bataqlıq kenquruları və ya kiçik kenqurular növü olan "vallabi" ilə müqayisə edib.
Hesabatda "protemnodon mamakurra" növünün Avstraliyanın cənub sahillərində, Tasmania bölgəsinin dağlarında və Yeni Cənubi Uels bölgəsinin şərq sahillərində yaşamış ola biləcəyi vurğulanıb və bu növün atlamadan daha çox əlləri və ayaqları üzərində hərəkət etdiyi vurğulanıb.
Qeyd edilib ki, kenquruların nə üçün nəsli kəsildiyi hələ müəyyən edilməyib.