Sənədsiz 40 min əmlaka çıxarış veriləcək - qanun layihəsi haqda ictimaiyyətə niyə yanlış məlumat verilib?


Son günlər müzakirə olunan və cəmiyyəti son dərəcə narahat edən “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi”nə dəyişikliklərlə bağlı qanun layihəsi yaşayış deyil, qeyri-yaşayış sahələrinə aid imiş.


AFN.az xatırladır ki, sözügedən qanun layihəsi barədə ilkin məlumatda bu addımın yaşayış evlərinə münasibətdə atılacağı bildirilmişdi. Yerli medianın yaydığı xəbərdə bildirilirdi ki, Türkiyədə on minlərlə insanın həyatına bais olan dəhşətli zəlzələnin acısını yaşadığımız, hər kəsin Bakıdakı binaların davamlılıq əmsalını müzakirə etdiyi günlərdə məlum oldu ki, "Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Qanuna dəyişiklik gözlənir. Təklif olunan dəyişiklik layihəsində qeyd olunur ki, 2023-cü il martın 1-dək inşa olunmuş, tikintisi Məcəllənin tələblərinə uyğun aparılmamış, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edilmiş tikinti obyektlərinin istismarına icazə veriləcək.

Parlamentin deputatı Vüqar Bayramov bu gün verdiyi açıqlamada bildirib ki, 2023-cü il martın 1-dək inşa edilmiş, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edən qeyri-yaşayış sahələri çıxarış (kupça) ilə təmin ediləcək. Onun sözlərinə görə, məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bu gün müzakirə edilən “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi”nə dəyişikliklərdə əksini tapıb.

"Bu o deməkdir ki, hətta əvvəllər hansı ildə inşa ediıməsindən asılı olmayaraq tikintisi sözügedən Məcəllənin tələblərinə uyğun aparılmayan, amma etibarlılığı və təhlükəsizliyi olan bütün qeyri-yaşayış sahələrinin istismarına icazə veriləcək" - deyə deputat qeyd edib. İlkin qiymətləndirmələrlə bu sadələşdirmənin 40 mindən çox obyekti əhatə edəcəyi gözlənilir. Başqa dəyişikliklərlə istismar proseduralarının daha da sadələşdirilməsi və elektronlaşması nəzərdə tutulur. Bu baxımdan, dəyişikliklər daşınmaz əmlak sektorunda şəffaflığın daha da artmasına və sənədləşmənin sürətlənməsinə xidmət edəcək. "Müzakirələrdə dəyişikliklərin mütərəqqi olması qeyd olunmaqla yanaşı növbəti mərhələdə 500 mindən çox sənədsiz fərdi evlərin də qeydiyyatı ilə bağlı işlərin daha da sürətləndirilməsinin vacbliyi qeyd olundu. İnanırıq ki, növbəti mərhələdə çıxarışların verilməsinin sadələşdirilməsi bu evləri də əhatə edəcək" - deyə V.Bayramov qeyd edib.

Mütəxəssislər bu addımdan narahatdırlar. Bildirilir ki, qeyri-yaşayış sahələri olsa belə, insanların kütləvi toplaşdığı məkan kimi istifadə olunacaq tikililərə belə amnistiya təhlükəlidir. Zəlzələ olarsa, onların dağılması çoxsaylı insan tələfatına gətirib çıxara bilər.

Onu da qeyd edək ki, Bakı və ətraf qəsəbələrdə yüz minlərlə sənədsiz ev inşa edilib. Onların çoxunun üzərində məhkəmənin qərarı var. Əsasən neft torpaqlarında inşa edilən bu evlərin sənədləşdirilməsi ilə bağlı bir neçə il əvvəl Prezident İlham Əliyevin göstərişi ilə komissiya yaradılsa da, həmin komissiyanın fəaliyyətsizliyi uzun müddətdir müzakirə mövzusudur. Görünən odur ki, hökumət əvvəlcə qeyri-yaşayış sahələrinin problemini həll etməkdə maraqlıdır. Bunun səbəbləri təbii ki, obyektiv və subyektiv qiymətləndirilə bilər.

Mövzu ilə bağlı araşdırma yazısı təqdim edəcəyik.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu