Küveyt hökuməti istefa verdi
Küveyt hökuməti parlamentlə davam edən böhrandan sonra istefa ərizəsini təqdim edib.
AFN.az Küveytdə nəşr olunan “Əl-Kəbas” qəzetinin saytında yer alan xəbərə istinadən bildirir ki, Şeyx Əhməd Nəvaf əl-Əhməd əs-Sabahın başçılıq etdiyi 2022-ci ilin oktyabrında qurulan hökumətin istefa verdiyi bildirilib.
Xəbərdə hökumətin parlamentlə siyasi böhranda mövqeyini qoruduğu və “populist” adlandırdığı qanun layihələri ilə bağlı hər hansı öhdəlik götürməkdən imtina etdiyi qeyd edilib.
Ölkədə qanunvericilik və icra hakimiyyəti orqanları arasında böhran yanvarın 10-dan başlayıb. Hökumət üzvləri “Vətəndaşların kredit borcunun azaldılması haqqında” qanun layihəsini rədd edərək, Məclisin iclasından çıxıblar.
Qeyri-rəsmi mənbələrə görə 500 minə yaxın küveytlini əhatə edən təklifin ədalət və bərabərlik prinsipinə zidd olduğunu əsas gətirən hökumət tərəfi maliyyə yükü gətirən qanun layihələri ilə bağlı hesabatların müzakirə üçün komissiyalara göndərilməsini tələb edib və konstitusiyaya və konsensusa əsaslanan həllər əldə edilməli olduğunu bildirib.
Rəsmi qurumların istefası ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Küveytdəki hökumətlərin son illərdə çox qısa ömür sürməsi və istefa xəbərlərinin tez-tez gəlməsi gündəmdədir.