Küveyt hökuməti İsveçdə 100 min Quran paylayacaq
Küveyt hökuməti İsveçdə paylanması üçün 100 min nüsxə Qurani-Kərimin isveç dilində çap edilməsinə qərar verib.
Ölkənin rəsmi agentliyi olan KUNA-da dərc edilən xəbərə görə, Nazirlər Şurasının həftəlik iclasında İslamın tolerantlıq dini olduğunu İsveç xalqına təsdiq etmək üçün bu ölkədə Qurani-Kərimin paylanması qərara alınıb.
Baş nazir Şeyx Əhməd Nəvaf əl-Əhməd əs-Sabahın tapşırığına uyğun olaraq, ölkədəki müvafiq qurum İsveç dilində 100 min Qurani-Kərim çap edəcək.
Küveyt Xarici İşlər Nazirliyi ilə koordinasiyalı şəkildə İsveçdə Qurani-Kərimlərin sevgi və tolerantlıq mühitində paylanacağı vurğulanan xəbərə görə, bu əsər İslamın dəyər və prinsipləri ilə bağlı müsbət mesajlar verəcək.
İsveçin paytaxtı Stokholmda İraq əsilli Salvan Momika iyunun 28-də Stokholm məscidinin qarşısında polisin mühafizəsi altında Quranı yandırıb.
Küveyt buna cavab olaraq İsveçin Küveytdəki səfiri Liselotte Andersona etiraz notası verib.