Vaşinqton və Kiyev hələ də sülh planının yekun mətnini razılaşdırmayıblar
Ukrayna münaqişəsi ilə bağlı mümkün sülh sazişinin layihəsini ABŞ-da keçirilən danışıqlarda tam razılaşdırmaq mümkün olmayıb.
AFN.az xəbər verir ki, bu barədə "RБК-Ukrayna" agentliyi mənbəyə istinadən məlumat yayıb. Bildirilir ki, danışıqlar artıq Cenevrədə razılaşdırılmış ümumi çərçivədən çox, həll olunmamış problemlərə yönəlib. Hazırda tərəflərin yekun mətn üzrə tam anlayışı yoxdur, lakin görüş prosesi irəli aparan növbəti addım sayılır.
Agentlik qeyd edir ki, danışıqlarda əsas diqqət ərazi məsələsinə yönəlib. Mənbə bildirib ki, mümkün həll yolları axtarışı davam edir, lakin bu, son dərəcə çətin mövzudur.
Kiyev nümayəndə heyəti həmçinin ABŞ tərəfinə Ukraynanın NATO kursundan imtina etmək istəməməsinin səbəblərini izah etməyə çalışıb. Səbəblərdən biri kimi bu kursun Ukrayna Konstitusiyasında təsbit edilməsi göstərilib. Mənbənin sözlərinə görə, amerikalı rəsmilər mütəmadi olaraq kompromisin zəruri olduğunu xatırladıblar.
Danışıqlar noyabrın 30-da ABŞ-ın Florida ştatında keçirilib. ABŞ tərəfini dövlət katibi Marko Rubio, Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və Ağ Evin rəhbərinin kürəkəni Cerad Kuşner, Ukrayna tərəfini isə Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Ümerov və xarici işlər nazirinin birinci müavini Sergey Kislista təmsil edib.
