Rubio Avropa İttifaqı rəsmilərinin qəzəbli telefon zəngləri ilə üzləşib
ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun Ukrayna üzrə hazırladığı sülh planı üzə çıxdıqdan sonra Avropa İttifaqı rəsmilərinin qəzəbli telefon zəngləri ilə üzləşib.
AFN.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
Məlumata görə, planın detallarının ötən həftə ictimailəşməsindən sonra Ağ Ev birdən yaranan böhranla qarşılaşıb. Sənəddə yer alan müddəalar həm Avropa hökumətlərini, həm də ABŞ Konqresində Kiyevin tərəfdarlarını şoka salıb. "Rubio qəzəblənmiş Avropa rəsmilərinin və qanunvericilərinin zənglərinə cavab vermək məcburiyyətində qalıb” - deyə nəşrə danışan rəsmilər bildiriblər.
23 noyabrda ABŞ və Ukrayna Vaşinqtonun 28 bəndlik sülh planı üzrə məsləhətləşmələr aparıblar. Rubio görüşü münaqişə dövründə “ən məhsuldar” danışıqlardan biri adlandırıb.
