Rubio sabah ABŞ-ın Ukrayna planını Aİ rəsmiləri ilə müzakirə edəcək
ABŞ dövlət katibi Marko Rubio 21 noyabrda Avropa İttifaqının yüksək vəzifəli rəsmiləri ilə Vaşinqtonun Ukrayna üzrə yeni sülh təşəbbüsünü müzakirə etməyi planlaşdırır.
AFN.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Nəşrin yazdığına görə, həmçinin ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi olan Rubio Avropa ölkələrinin milli təhlükəsizlik sahəsinə cavabdeh yüksək vəzifəli nümayəndələri ilə görüş keçirəcək.
Bir neçə Avropa diplomatı ümid etdiklərini bildirib ki, onlara Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı mümkün planlar haqqında öz narahatlıqlarını ifadə etmək imkanı veriləcək.
Amerikanın təklif etdiyi planın əsas məqamları:
– ABŞ və digər ölkələr Rusiyanın Krım, Donbas və Ukraynanın bəzi digər əraziləri üzərində suverenliyini tanıyır;
– Ukrayna həmin ərazilərdən imtina etməyə məcbur olur, əvəzində ABŞ və Aİ-dən təhlükəsizlik təminatları alır;
– Ukrayna qüvvələrinin çıxacağı bölgələrdə demilitarizasiya zonası yaradılır;
– Xerson və Zaporojye istiqamətlərində təmas xətti “dondurulur”, bəzi ərazilərin isə Rusiyanın Ukraynaya qaytarması nəzərdə tutulur;
– Ukrayna ordusu ciddi şəkildə kiçildilir və uzaqmənzilli silahlardan məhrum edilir;
– Ölkədə xarici qoşunların yerləşdirilməsinə qadağa qoyulur;
– Rus dilinə dövlət statusunun verilməsi tələb olunur;
– Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ləğvi nəzərdə tutulur.
Bu detallar qərb mediasına sızan məlumatlara əsaslanır və mənbələr arasında "Axios" və "Bloomberg" də var.
