ABŞ Avropanı Kiyevə təhlükəsizlik zəmanətlərində liderliyə çağırır
ABŞ dövlət katibi Marko Rubio Avropa rəsmilərinə bildirib ki, münaqişə bitdikdən sonra Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin verilməsində Avropa liderlik etməlidir.
AFN.az xəbər verir ki, bu barədə adı açıqlanmayan avropalı diplomata istinadən CNN məlumat yayıb.
Bildirilir ki, Dövlət Departamentinin rəhbəri cümə axşamı Avropa milli təhlükəsizlik müşavirləri ilə telefon danışığı zamanı Ağ Evin bu mövqeyini bildirib. Rubio həmçinin qeyd edib ki, Vaşinqton Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin verilməsində iştirak etməyə hazırdır, lakin ABŞ-ın bu istiqamətdə hansı addımlar ata biləcəyini dəqiqləşdirməyib.
Kanalın digər mənbələri qeyd edir ki, ABŞ-ın məhdud iştirakı Ukrayna üzərində kəşfiyyat uçuşları həyata keçirən amerikalı pilotlardan ibarət ola bilər. CNN mənbələri əlavə edib ki, ABŞ administrasiyası bu məqsədlər üçün dronlardan istifadə variantını da müzakirə edir.
