Ukrayna Avropa və NATO ilə koordinasiyanı gücləndirir

Ukrayna Prezident Administrasiyasının rəhbəri Andriy Yermak bildirib ki, Avropa və NATO ölkələrinin milli təhlükəsizlik müşavirləri ilə konkret hərbi təhlükəsizlik zəmanətlərini irəli aparmaq və gələcək hücumların qarşısını almaq üçün gündəlik koordinasiya prosesinə start veriblər.
Yermak X sosial şəbəkəsindəki hesabında yazıb: “Vaşinqtondan qayıdan kimi Almaniya, İtaliya, Fransa, Böyük Britaniya, Finlandiya, həmçinin Avropa İttifaqı və NATO-nu təmsil edən milli təhlükəsizlik müşavirləri ilə ilk və kifayət qədər uzun koordinasiya görüşməsini keçirdim.”
O, 1994-cü il Budapeşt Memorandumuna istinad edərək Ukrayna və müttəfiqlərinin keçmişdəki səhvləri təkrar etməməli olduğunu vurğulayıb.
Yermak əlavə edib ki, müttəfiqlərlə gündəlik koordinasiyanın qurulması barədə qərar qəbul olunub. Onun sözlərinə görə, Ukrayna hərbi qrupları artıq təhlükəsizlik zəmanətlərinin müdafiə komponentləri üzərində işləməyə başlayıb və bu istiqamətdə Avropa ilə NATO ölkələrinin milli təhlükəsizlik müşavirləri ilə koordinasiya prosesinə start verilib.
Ölkəsinin müharibəni ədalətli şəkildə bitirmək üçün hər cür formatda görüşməyə hazır olduğunu vurğulayan Yermak, ABŞ Prezidenti Donald Trampa, Avropalı müttəfiqlərə və NATO-ya dəstəklərinə görə təşəkkür edib.