Tramp Ukrayna üçün təhlükəsizlik zəmanəti verməyə hazırdır

ABŞ prezidenti Donald Tramp avqustun 13-də Avropa liderləri ilə söhbəti zamanı Ukrayna üçün təhlükəsizlik zəmanətlərini verməyə hazır olduğunu bildirib. Lakin bir şərtlə ki, bu zəmanətlər NATO çərçivəsində həyata keçirilməyəcək.
AFN.az xəbər verir ki, bu barədə Politico qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp bildirib ki, Rusiya ilə atəşkəs razılaşması əldə olunarsa və müəyyən şərtlərə riayət olunarsa, ABŞ Ukraynanın çəkindirici vasitələrlə təmin olunmasında müəyyən rol oynamağa hazırdır.
Eyni zamanda, mənbələrdən biri bildirib ki, Amerika prezidenti təhlükəsizlik zəmanətləri dedikdə nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyib və yalnız daha geniş konsepsiyanı müzakirə edib.
Fransanın xarici işlər naziri Jan-Noel Barrot bundan əvvəl bildirib ki, Tramp Avropa liderləri ilə videokonfrans zamanı Vaşinqtonun Ukraynaya təhlükəsizlik zəmanətlərinin təmin edilməsinə, "istəklilər koalisiyası" tərəfindən hazırlanmış formada, töhfə vermək niyyətində olduğunu söyləyib. Onun sözlərinə görə, Tramp həmçinin deyib ki, "territorial məsələlər üzrə danışıqlar yalnız Vladimir Zelenski iştirak etdikdə" aparılacaq və bu görüş Rusiya-ABŞ sammitindən sonra baş tutacaq.
Ukrayna ilə bağlı onlayn görüşlər seriyası avqustun 13-də Almaniya kansleri Fridrix Mertsin təşəbbüsü ilə keçirilib.