7 aylıq oğlunu öldürüb, qaçırıldığını iddia etdi
ABŞ-ın Kaliforniya ştatında yaşayan bir kişi 7 aylıq oğlunu öldürdükdən sonra körpənin qaçırıldığını iddia edib. Lakin araşdırmalar nəticəsində yalan danışdığı üzə çıxan ata qətl, uşaq istismarı və polisə yalan məlumat vermə ittihamlarını etiraf edib.
Riverside prokurorluğunun açıqlamasına görə, 32 yaşlı Ceyk Haro avqustda vəfat edən oğlu Emanuel Haronun ölümü ilə bağlı irəli sürülən bütün ittihamları qəbul edib.
Haroya hökm 3 noyabrda elan olunacaq. Prokurorluq bildirib ki, bu etiraf heç bir razılaşma əsasında edilməyib.
Körpənin anası Rebekka Haro da qətl və yalan xəbər vermə ittihamları ilə mühakimə olunur. O, ötən ay günahsız olduğunu bildirib. Rebekkanın məhkəməsi ərinin cəza alacağı gün keçiriləcək.
Rəsmilərin məlumatına görə, Rebekka Haro avqustun 14-də Los-Anceles yaxınlığındakı Yukaipa şəhərində bir ticarət mərkəzinin avtodayanacağında körpəsinin bezini dəyişərkən hücuma məruz qaldığını və uşağın qaçırıldığını iddia edib.
Qadın ifadəsində “Bezini dəyişmək üçün əyildim, kimsə Hola dedi. Sonrasını xatırlamıram” deyib.
Gözü göyərmiş vəziyyətdə olan qadın daha sonra “Ayılanda oğlum yox idi” – sözlərini əlavə edib.
O dövrdə ata Ceyk Haro televiziya müsahibəsində emosional şəkildə “O sadəcə bir körpədir. Zəhmət olmasa, oğlumuzu qaytarın” demişdi.
Lakin aparılan istintaq cütlüyün yalan danışdığını üzə çıxarıb. Riverside dairə prokuroru Maykl Hestrin bildirib ki, istintaq materialları göstərir ki, körpə Emanuel istismara məruz qalıb və aldığı xəsarətlər nəticəsində həyatını itirib.
Prokurorluğun məlumatına əsasən, Ceyk Haro 2023-cü ildə əvvəlki evliliyindən olan uşağına qarşı da qəsdən zorakılıq törətdiyini etiraf etmişdi.
Həmin uşağın kəllə sümüyündə sınıq, beyin qanaması, qabırğa və ayaq xəsarətləri aşkar olunmuşdu. O, hazırda iflic vəziyyətində və yatağa bağlı şəkildə yaşayır.
Haro həmin hadisəyə görə 180 günlük ictimai iş proqramında iştirak şərti ilə təxirə salınmış həbs cəzası almışdı.



