Bəşər Əsədin əmisi oğlu Vasim Əsəd Suriyada həbs olundu

Suriyanın yeni hakimiyyət orqanları ölkənin keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlunu həbs edib.
AFN.az SANA-ya istinadən xəbər verir ki, bu barədə Suriya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Vasim Əsəd narkotik ticarəti və bir sıra digər cinayətlərdə ittiham olunur.
"Suriya kəşfiyyatı və Daxili İşlər Nazirliyinin əməkdaşları Vasim Əsədi saxlamağa müvəffəq olublar. O, Suriyanın ən məşhur narkotik alverçilərindən biri hesab olunur və köhnə hakimiyyətin cinayətlərində iştirak edib", - deyə məlumatda bildirilir.
SANA mənbələri Suriyanın keçmiş prezidentinin əmisi oğlunun Livanla sərhəd yaxınlığında saxlanıldığını bildirirlər.
Vasim Əsəd 2023-cü ildən narkotik ticarəti ittihamı ilə Böyük Britaniya, Aİ və ABŞ tərəfindən sanksiyalar altındadır.