AK Avropa müdafiə sənayesinə 150 milyard avro ayırır

Avropa Komissiyası (AK) gələn həftə Avropa sənayesinin hərbiləşdirilməsi ilə bağlı yeni tədbirlər paketini təqdim edəcək.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Kaya Kallas Romada keçirilən və “Veimar Plus” formatında təşkil olunan xarici işlər nazirlərinin görüşündən sonra keçirdiyi mətbuat konfransında bildirib.
“Gələn həftə Avropa Komissiyası hərbi sifarişlərin təşkili sahəsində çevikliyin artırılması və müdafiə sənayesi müəssisələri üçün maliyyə resurslarına çıxışın asanlaşdırılmasına dair yeni tədbirlər təklif edəcək,” – deyə Kallas vurğulayıb.
O əlavə edib ki, Avropa Komissiyası Aİ-nin hərbiləşdirmə strategiyasını təkmilləşdirmək və ona uyğunlaşdırmaq işini davam etdirəcək. Bu strategiya çərçivəsində ümumilikdə 800 milyard avroya qədər borc resursunun cəlb edilməsi, o cümlədən Avropa İttifaqı səviyyəsində müdafiə sənayesinə yatırımlar üçün 150 milyard avronun ayrılması nəzərdə tutulur.