Kreml Ukrayna ilə "məsələni" bitirməmiş Qazaxıstana keçir


Qazaxıstanın şimalında yerləşən Petropavlovsk şəhərində rusiyapərəst qüvvələrin baş qaldırması Kremlin Ukrayna ilə "məsələni" bitirməmiş Mərkəzi Asiyanın bu ölkəsinə keçməyinin göstəricisidir.


AFN.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu bir neçə gün əvvəl Petropavlovskdə 19 “fəal”ın öz “müstəqilliklərini” elan etməsini şərh edərkən belə deyib. Qeyd edək ki, həmin "fəallar" “Xalq Şurasını” çağırdıqlarını açıqlayaraq Qazaxıstan dövlətinə etibarları olmadığını, ona görə də “müstəqilliklərini, sərbəstliklərini və suverenliklərini elan etdiklərini" bildiriblər. Separatçılar Qazaxıstanın təhsil, qida məhsulları və səhiyyə sisteminə qarşı çıxdıqlarını da bəyan edib, bununla bağlı xüsusi mətn yayıblar.

E.Şahinoğlunun sözlərinə görə, SSRİ dağıldıqdan sonra Qazaxıstanın şimalında belə hallar bir neçə dəfə baş verib, hər dəfə separatçılığın qarşısı alınsa da, indi durum fərqlidir: "Kreml Rusiyanın perimetri boyu "rus dünyasını" formalaşdırmağa çalışır və birinci Ukraynadan başlayıb. Rusiya paralel olaraq ətrafındakı digər ərazilərə də boylanır. Ona görə də Qazaxıstanda separatçıların kiçik otaqdan fəaliyyətə başlamaları təhlükənin miqyasının az olduğu anlamına gəlmir. Ukraynada da hadisələr belə başlamışdı. Yaxşı xatirimdədir, 2014-cü ildə Donetskdə yerli universitetlərin birində çalışan professorla söhbətim olmuşdu. O mənə deyirdi ki, Donetskdə separatçılar yerli əhali arasında dayaqlara malik deyildilər, onların mitinqlərinə heç 100 nəfər çıxmırdı. Ancaq vəziyyət bir anda dəyişdi, elə mən orda olarkən inzibati binalar ələ keçirildi, Rusiyanın müdaxiləsi və yerli əhalinin Ukrayna əleyhinə qızışdırılması vəziyyəti hazırki həddə gəlib çatdırdı. Qazaxıstan üçün də sanki eyni ssenari hazırlanıb. Əhalisinin 60 faizə yaxını rus olan Petropavlovsk şəhəri Rusiya ilə sərhəddən 40 kilometr cənubda yerləşir. Ona görə nə qədər ki, Petropavlovsk şəhərinin 19 “fəalı” işi böyütməyiblər və bölgədə ikinci Donbass yaratmayıblar, Astana məsələni həll etmək məcburiyyətindədir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu