"Qış Parkı"nın yeraltı dayanacağı "yeraltı dünyanın" qanunları ilə işləyir - ŞİKAYƏT


Qərbi Kaspi Universitetinin professoru, Beynəlxalq Memarlar İttifaqı Komissiyasının üzvü, tanınmış memar Elçin Əliyev "Qış Parkı"nın altındakı avtomobil dayanacağındakı durumdan şikayətçidir.


AFN.az-ın xəbərinə görə, E.Əliyev özünün sosial şəbəkə hesabında yazaraq, dayanacaqdan üzvlük kartı əldə etmək üçün lazım olan hüquqi prosedurların reallaşdırılmadığını bildirib. "Maşınımı yeraltı dayanacaqda, "Qış parkı"nın altında qoymaq qərarına gəldim. Dayanacağa getdim, çətinliklə boş yer tapdım, saxladım. 60 manatlıq aylıq abonent kartı almaq üçün onların ofisə yaxınlaşdım" - deyən professorun sonradan yazdıqları hər kəsin təəccübünə səbəb olub. E.Əliyevin ofis işçisi olan gənc oğlanla dialoqunu təqdim edirik:

E.Əliyev:

- Dayanacaqa girərkən avtomobil sığortalanırmı?

Ofis işçisi:

- Yox.
- Bizim aramızda müqavilə imzalanacaq?
- Yox, bizdə müqavilə olmur.
- Maşın burada dayanarkən heç olmasa ona cavabdehsiniz?
- Yox.
- Dayanacağın telefon nömrəsi varmı?
- Yox.
Artıq dözə bilmədiyini və əsəbiləşdiyini deyən professor "Bu səhvdir, müqavilə olmalıdır, avtomobil girəndə sığortalanmalıdır. Mən müqavilənin bağlanmasını xahiş edirəm. Axı bu, dövlət dayanacağıdır, şəxsi deyil!" - deyə ofis işçisinin diqqətinə çatdırdığını bildirib: "Oğlan getdi, deyəsən, dayanacaq müdiri ilə telefon ilə danışdı. Müdirin adı Pərviz idi. Qayıdıb mənə dedi ki, əgər şərait sizi qane etmirsə, o zaman başqa dayanacağa gedə bilərsiniz. Heyrətdə qaldım! Qanunla tərəflərin müəyyən edilmiş öhdəlikləri ilə razılaşma olmalı deyilmi? Lakin BNA-nın (Bakı Nəqliyyat Agentliyi) işindəki ümumi qarışıqlıq burada da öz təsirini göstərir. Dayanacaqda minlərlə avtomobil qəzalardan, yanğınlardan, zəlzələlərdən tamamilə sığortasız olduğu halda, bu necə mümkün ola bilər? Niyə işinizi sivilləşdirmək mümkün deyil? Ölkəmizə yazığım gəlir, açıq-aşkar səriştəsizlikdən və dövlət əmlakının oğurluğundan dağılır!"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu